Media nümayəndələri 2 saylı Uşaq Reabilitasiya Mərkəzində
Sosial həyat

Media nümayəndələri 2 saylı Uşaq Reabilitasiya Mərkəzində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrinin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri ilə əyani tanışlığı üçün Agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.  Burada il ərzində 600-dək uşağa  bərpa müalicəsi xidmətləri göstərilir. Müəssisədə həmin kateqoriyadan olan uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır.  Onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s.  istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.

Media nümayəndələri mərkəzdə yaradılmış şəraitlə, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərlə, həmçinin burada reabilitasiya kursu keçən uşaqların əl işləri ilə tanış olublar. Jurnalistlərə  reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi və ona uyğun veb-əsaslı növbəlilik sistemi barədə də məlumat verilib.

Mustafa KAMAL,

“Respublika”.