Media fəaliyyəti hüquqi qaydada tənzimlənir
Digər xəbərlər

Media fəaliyyəti hüquqi qaydada tənzimlənir

"Media haqqında" qanunu bəziləri yenidən gündəmə gətirmək istəyir

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkə mətbuatı da öz inkişaf yoluna qədəm qoydu. Hakimiyyətə yenidən qayıdan ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərman ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılmasına və müstəqil KİV-in formalaşmasına şərait yaratdı. Senzuranın ləğvi Azərbaycan mətbuatına azadlıq verilməsi, fikir və söz azadlığının yüksək səviyyədə təmin olunması demək idi. Azərbaycanın bu sahəyə göstərdiyi diqqət 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni qanunun qəbulunda bir daha öz əksini tapdı. Sözügedən qanunla media təsisatının inkişafına, bu sahədə hüquqi bazanın zənginləşdirilməsinə nail olundu.

Bu gün ölkəmizdə media sahəsinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev "dördüncü hakimiyyət" adlandırılan mətbuatın inkişafı istiqamətində mühüm qərarlar qəbul edir, fərman və sərəncamlar imzalayır. Dövlət başçısının 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ölkə mediasının inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti olduğunu dəfələrlə vurğulayıb: "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".

Bu yolda təqdirəlayiq addımlardan biri də 2021-ci ilin 30 dekabr tarixində qəbul edilmiş "Media haqqında" qanundur. Bu qanunu, həmçinin Azərbaycandakı media islahatlarının "yol xəritəsi" də hesab etmək olar. Qanunun əsas məqsədi jurnalistika peşəsinin nüfuzunu yüksəltmək, beynəlxalq sistemdə sağlam informasiya rəqabətini formalaşdırmaq, eyni zamanda informasiya təhlükəsizliyini təmin etməkdir. Qanunda təkcə qəzet, jurnal, televiziya və radio ilə əməkdaşlıq edən jurnalistlər deyil, o cümlədən veb-saytlarda fəaliyyət göstərən jurnalistlərin də statusu müəyyənləşdirilib. Jurnalistlərə müvafiq vəsiqələrin verilməsi də bu prosesin beynəlxalq təcrübə əsasında həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq, "Media haqqında" qanun bəzi media və vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olub. Çünki qanun reket jurnalistikasının qarşısını almaq məqsədi daşımaqla yanaşı, həm də jurnalistikanın ümumi qəbul edilmiş etikasına və standartlarına zidd olan, bu sahənin əsl missiyasını pozan qəsdən və ya təsadüfən yaranan insidentlərin baş verməsinə mane olur. "Media haqqında" qanunun qəbul edilməsi isə jurnalistlərin hadisələri daha dəqiq, qərəzsiz və ədalətli şəkildə çatdırmasını təmin edir.  Şübhəsiz, bu gün öz "reputasiyalarını" milli dəyərlərimizdən üstün tutan və medianın inkişafına xələl gətirmək istəyənlərin qanunla razılaşmaması normaldır. Axı, yuxarıda da qeyd etdiyimiz kimi, qanun yüksək standartlara istinad edir...

"Media haqqında" qanunda Media Reyestri məsələsi də öz əksini tapıb. Belə ki, Medianın İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən sayt və jurnalistlərə reyestrdən keçmək üçün 6 ay vaxt verib və xəbərdarlıq edib ki, qeydiyyata düşməyənlər məhkəməyə veriləcəklər. Qanun layihəsinə etiraz bildirənlər bəzi qeyri-peşəkar yazarlar və özünü əsassız şəkildə "jurnalist" elan edən şəxslər oldu. Hətta bunlar kifayət deyilmiş kimi, qanunu şübhə altına alaraq söz azadlığının məhdudlaşdırılması kimi qələmə verməyə cəhd edirlər. Bütün bunlarla yanaşı, əlbəttə, peşəkar media ictimaiyyəti, onun nüfuzlu nümayəndələri hər zaman olduğu kimi, Media Reyestri mexanizmini yüksək səviyyədə qiymətləndirirlər.

Ölkəmizdə ən müasir tələblərə və standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və mətbuatda qazanılan uğurlar məhz Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Nəzrin ELDARQIZI,

"Respublika".