Mədəniyyətlərarası dialoq təşəbbüsləri davamlı inkişafa xidmət edir
Mədəniyyət

Mədəniyyətlərarası dialoq təşəbbüsləri davamlı inkişafa xidmət edir

Son illər bütün dünyada sivilizasiyalararası dialoq mövzusu ətrafında aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar, XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etməsindən xəbər verir. Bu məsələ BMT, UNESCO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları tərəfindən də dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsinin zəruriliyi vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilmişdir.

Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. Bu gün bütün dünyanın böyük din xadimlərinin tolerantlığın mərkəzi kimi tanınan Bakıda toplaşması və dinlərin dialoqu çərçivəsində, bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparması da bu yeni tendensiyaların nəticəsidir.

Azərbaycan bu gün həm də Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir.

2016-cı il 26 aprel. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu. Bu mötəbər tədbirə Bakı ev sahibliyi etdi. Bu da təsadüfi deyil, çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” şüarı altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri və b. qatılmışdı.

Forumun Bakı şəhərində təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir. Çünki tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev əsrlər boyu Azərbaycanın mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini, dinlərin, mədəniyyətlərin inkişaf etdiyini, hər zaman tolerantlıq, multikulturalizmin mövcud olduğunu diqqətə çatdıraraq, həmçinin Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regional inkişafa töhfə verdiyini, müstəqillik illərində mühüm dövlət təsisatlarının formalaşdığını, bütün azadlıqların təmin edildiyini, siyasi və iqtisadi islahatların aparıldığını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan ölkə başçısı İlham Əliyev Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini deyib, Azərbaycan xalqının etnik təmizləməyə məruz qaldığını, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağılması faktının əks olunduğunu söyləyib: “Münaqişənin həlli BMT-nin qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə, Helsinki Yekun Aktına Əsaslanmalıdır” - deyən Prezident Azərbaycan ərazilərinin işğaldan azad olunacağını da bəyan edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm addımdır. Alyansın qütbləşmənin qarşısını almaqla daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün yaradılan mexanizm rolunu oynadığını vurğulayan ali nümayəndə deyib: “Bu ilin mövzusu “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”dir. Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir. Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Gender bərabərsizliyi, gənclər arasında işsizlik insanları radikallığa sürükləyir... Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunlar hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir”.

O, dünya xalqlarını ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmağa çağırıb.

BMT-nin baş katibi Pan Gi Mun videomüraciətində hazırda dünyanın və insanların ciddi böhran dövrünü yaşadığını deyib, Forumun ideyasının mühüm olduğunu diqqətə çatdırıb.

Terrorizmə qarşı mübarizədə sivilizasiyalararası platforma yaratmağın vacibliyini diqqətə çatdıran İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo deyib: “Terrorizm qurbanlarının əksəriyyəti müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, bir bölgə təkbaşına ona qarşı mübarizə apara bilməz. Dini və mədəni dialoq münaqişələrə son qoya bilər... Amma buna baxmayaraq, bizim qət edəcəyimiz kifayət qədər böyük yol var”.

Nazir həmçinin forumda Tolerantlıq Komitəsini yaratmağı da təklif edib.

Dünyanın müxtəlif yerlərində baş verən qanlı toqquşma və terror aktlarının birgə mübarizənin vacibliyini diktə etdiyini söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək bəyannaməni gözləyirlər”.

Tolerantlıq və dialoq hədəflərinə dəstək verən bütün dost ölkələrə təşəkkürünü bildirən Türkiyə Prezidenti alyansın hələ də məqsədinə çatmaqdan çox uzaq olduğunu, insanların inancları, etnik mənsubiyyəti ilə bağlı yanlış düşüncələrin hələ tam ortadan qaldırılmadığını, terrorizmə qarşı birgə mübarizənin lazımi səviyyədə olmadığını, dünyadakı təhlükəli gedişlərə son verməyin vacibliyini vurğulayıb. O, eyni zamanda terrora qarşı qlobal ittifaq yaradılması təklifini də irəli sürüb: “Qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilmərik”.

Onu da qeyd edək ki, Sivilizasiyalar Alyansı təşəbbüsünün təməli 2005-ci ildə qoyulub. Ötən müddətdə geniş vüsət alıb güclənən alyansa hazırda 140-dan çox ölkə dəstək verir. Sivilizasiyalar Alyansı BMT-nin nəzdində BMT platformasının ən mühüm təşəbbüslərindən birinə çevrilib. Bakı Forumunun iştirakçıları mədəniyyətlərarası dialoq təşəbbüsünün güclü şəkildə fəaliyyət göstərməsi üçün lazımi siyasi və maddi dəstəyin davam etdiriləcəyini bəyan etməklə, həm də onu bildiriblər ki, bu şərəfli mövqe yalnız bəşəriyyətin bizdən gözlədiyi deyil, eyni zamanda, gələcək nəsillər qarşısında vəzifə borcudur.

Zümrüd QURBANQIZI,

“Respublika”.