Mədəniyyətimizin hamisi
Siyasət

Mədəniyyətimizin hamisi

Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi idi. O, öz doğma xalqının ədəbiyyatına, mədəniyyətinə, el sənətinə yalnız himayədarlıq etməmiş, həm də bu sahələrin dərin bilicisi, alovlu təbliğatçısı kimi tanınmışdır.

Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəniyyət abidələrinə, el sənətinə, ədəbiyyat və incəsənətə diqqət və qayğısı Heydər Əliyevin doğma xalqına, torpağına, tarixinə olan sonsuz sevgidən qaynaqlanır.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, Azərbaycan ədəbiyyatı klassiklərinin yubileylərinin qeyd edilməsi, gənc yazıçılardan qocaman sənət adamlarına kimi yaradıcılıq sferası nümayəndələrinə böyük qayğı və diqqət göstərilməsi o dövrün adamlarının yaxşı yadındadır. Ən gərgin, həyəcanlı, işinin çox, olduğu vaxtlarda belə ədəbiyyat və mədəniyyət xadimlərini unutmur, onların çətinlikləri və problemləri ilə maraqlanır, hər birinin qayğısına qalırdı. Azərbaycan Dövlət Akademik Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarının, ayrı-ayrı musiqi kollektivlərinin, şair və yazıçıların, sənət adamlarının Heydər Əliyevlə görüşləri, ilk növbədə, onların özləri üçün əlamətdar və yaddaqalan idi.

Müasir Azərbaycan ədəbiyyatının nümayəndələri və sənətkarlarla daim əlaqə saxlayan Heydər Əliyev klassiklərin irsinə qayğı göstərilməsi və onların xatirələrinin əbədiləşdirilməsi sahəsində də vətəndaş prinsipiallığı ilə seçilirdi. O, Şuşada Molla Pənah Vaqifin əzəmətli abidəsinin ucaldılması üçün nə qədər səy göstərmişdirsə, Bakıda görkəmli dramaturq Cəfər Cabbarlının qranitdən yonulmuş abidəsinin araya-ərsəyə gəlməsi üçün də o qədər ürəkdən çalışmışdı. Heydər Əliyev böyük dövlət xadimi, yazıçı-publisist və maarifçi Nəriman Nərimanovun heykəlinin Bakının ən uca nöqtələrindən birində ucaldılması üçün siyasi opponentləri, Azərbaycan xalqına qənim kəsilmiş qara qüvvələrlə nə dərəcədə çətin mübarizə aparmışdısa, uzaq Sibir torpaqlarında uyuyan Hüseyn Cavidin məzarının axtarılıb tapılması və onun cənazəsinin qalıqlarının Vətənə gətirilməsində, Bakıda onun heykəlinin, Naxçıvanda isə məqbərəsinin ucaldılmasında da bir o qədər əzmkarlıq göstərmişdi. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Səməd Vurğun və başqa görkəmli sənətkarlarımızın xatirə muzeylərinin yaradılması, yaxud əsaslı şəkildə yenidən qurulması və zənginləşdirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Bu fenomen şəxsiyyətin titanik səyi nəticəsində Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürü idi. Sənətkarın yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Hələ sovetlər dönəmində böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. 1997-ci ildə ulu öndərin sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə yüksək dəyərdir. Bu ənənə ölkə Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilib, onun Sərəncamına əsasən 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur.

Məhz dövlət başçısının yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə "Aşıq Ələsgər adına Aşıq Məktəbi" açılmış, Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili "Aşıq Ələsgər ili" elan etmişdir. Ölkə Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixində "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirilmişdir.

XX əsrin fenomen şəxsiyyətlərindən olan Heydər Əliyev haqqında çox yazılıb və əminəm ki, hələ bundan sonra daha çox yazılacaq. Ümummilli liderin dərin məzmunlu nitq və məruzələrinin, müsahibə və söhbətlərinin toplandığı sanballı cildlər, indi hər bir azərbaycanlının stolüstü kitabına çevrilmişdir.

Zabit XƏLİLOV,

"Respublika".