“MƏDƏNİYYƏT KƏNDLƏRDƏ” LAYİHƏSİ
Region

 “MƏDƏNİYYƏT KƏNDLƏRDƏ” LAYİHƏSİ

Çayüzü kəndi dağların qoynunda yerləşir. Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Mədəniyyət kəndlərdə" layihəsi çərçivəsində növbəti tədbirin Çayüzü kəndində keçirilməsi heç də təsadüfi deyildi.  Bu kənd Yardımlının qədim tarixə, yüksək mədəni dəyərlərə malik yaşayış məskənlərindən sayılır.

Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, ziyalılar, mədəniyyət və media işçiləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını səmimi salamlayaraq layihə barədə ətraflı məlumat verdi. Kəndlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, istedadlı gənclərin aşkar olunması və onların yaradıcılıq imkanlarının reallaşdırılması məqsədini daşıyan layihəyə sentyabr ayında start verildiyini diqqətə çatdırdı və bildirdi ki, xalqımızın mədəni irsinin yerlərdə təbliği və kənd icmalarının bu tədbirlərdə iştirakı mühüm əhəmiyyət kəsb edir. Həmçinin, xalqımızın milli adət-ənənələrini, qədim sənətkarlıq nümunələrini qoruyub yaşatmaq hər bir mədəniyyət işçisinin borcudur.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova regional idarənin "Mədəniyyət kəndlərdə" təşəbbüsünü yüksək qiymətləndirdi. Bu cür məzmunlu, dəyərli tədbirlərin yerlərdə mədəniyyətin inkişafına lazımi töhfə verəcəyinə əminliyini ifadə edib təşkilatçılara uğurlar arzuladı.

Çayüzü kənd tam orta məktəbinin direktoru, respublikanın Əməkdar müəllimi Hacıabış Əhmədovun Yardımlının mədəni adətləri,  tanınmış ziyalıları, yaradıcı şəxsiyyətləri, Çayüzü kəndinin təsərrüfat həyatı, təhsil göstəriciləri, folkloru barədə çıxışı maraqla qarşılandı.

Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov rayonun uzaq əsrlərdən soraq verən qədim tarixi, mədəni abidələri, xalq sənətkarlığı barədə söhbət açdı. Sonra rayonun mədəniyyət müəssisələrinin qoruyub saxladığı qədim məişət əşyaları, xalq sənətkarlığı nümunələri, rəsm və əl işlərindən ibarət sərgilərə baxış keçirildi.

Çayüzü kənd folklor klubunun üzvləri həzin musiqi sədaları altında Vətən sevgisini, şəhidlik məqamının ucalığını, müqəddəsliyini tərənnüm edən bayatılar söylədilər. Məktəblilərin ifasında  hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olundu.

Tədbirin sonunda fəal mədəniyyət işçilərinə və könüllülərə Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən  təşəkkürnamələr təqdim olundu.

Əlisəfa HƏSƏNOV,

 “Respublika”.