Gündəm

"Mədəni irsin qorunmasında cəmiyyətin rolu" adlı layihə uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihəsinin yekun tədbiri ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutdu.

"Respublika" xəbər verir ki, Konfransda DİNİB-in idarə heyətinin üzvü və layihənin eksperti Günay Hacıyeva  layihə haqqında geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan mədəni irsinin  qorunması hər bir vətəndaşın borcudur. Xüsusilə də, cəmiyyətin aktiv hissəsinin toplandığı qeyri-hökümət təşkilatlarının bu sahədə maarifləndirmə aparması təqdirə layiqdir. 

ADPU- nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü İsrayıl İsgəndərov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsin qorunması və tanıdılması ilə bağlı gördükləri işlərdən danışdı. Tanınmış kutluroloq, professor Fuad Məmmədov mədəniyyət fenomeninin kreativ imkanlarını məhtudlaşdıran, onu, əsassız olaraq, yalnız ədəbiyyat, incəsənət, mədəni irs, etika, əxlaq, adət-ənənələr kimi, cəmiyyətin “bir hissəsi” və iqtisadiyyat üzərində “üstqurum” kimi dar mənada dərk etməkdən imtina etmək zərurətini  elmi cəhətdən əsaslandıraraq danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə  Vəliyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan xalqının yaratdığı, zaman-zaman daha da inkişaf etdirdiyi 3 mədəni irs nümunəsi (Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi) UNESCO-nun Ümumdünya İrsi Siyahısına, eyni zamanda daha 13 tarix və təbiət abidəmiz UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib..

 “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov qeyd etdi ki, Mədəniyyətimiz bugünkü səviyyəsinə və dünya xalqları tərəfindən tanınaraq sevilməsinə görə özünün himayədarı, qayğıkeşi Heydər Əliyevə minnətdar olmalıdır. Bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, mədəni irsinin yaşadılması və təbliği, eləcə də onun ümumi mədəni səviyyəsinin və dünyagörüşünün yüksəldilməsi ümdə bir məsələ olub daim Azərbaycan dövlətinin diqqəti mərkəzindədir.

Tədbirin yekununda iştirtakçılara sertifikatlar verildi və xatirə şəkli çəkildi.

"Respublika".