Məcburi köçkünlərin pozulmuş  hüquqlarına dair hesabatın təqdimatı
Digər xəbərlər

Məcburi köçkünlərin pozulmuş  hüquqlarına dair hesabatın təqdimatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabatın təqdimatı ilə bağlı Bakı Dövlət Universitetində (BDU-da) keçirilmiş tədbirdə iştirak edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə məruzə ilə çıxış edən Ombudsman təqdim edilən hesabatın hüquqi və siyasi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Ombudsman Ermənistanın uzun illər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğal, terror, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində azərbaycanlıların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu vurğulayıb. 30 ilə yaxın müddət ərzində beynəlxalq təşkilatların işğal faktı ilə bağlı qəbul etdiyi sənədlərdə təsbit olunmuş tələblərin sadəcə kağız üzərində qaldığını təəssüflə qeyd edib.

Eləcə də, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərinin qadağan edilmiş uzaqmənzilli silahlardan istifadə edərək atəşə tutulması ilə vətəndaşlarımızın insan hüquq və azadlıqlarının kobudcasına pozulduğu vurğulanıb.

Məruzədə Ombudsmanın Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması ilə bağlı fəaliyyəti, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığı, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilmiş faktaraşdırıcı missiya hesabatları, bəyanatları və müraciətləri ilə bağlı iştirakçılara məlumat verilib. Ombudsman müharibə ilə bağlı beynəlxalq qeyri-hökumət təşkilatları, beynəlxalq hüquq üzrə mütəxəssislər tərəfindən daha sonra hazırlanmış hesabatlarda bu sənədlərə istinad edildiyini bildirib.

Yekunda S.Əliyeva bu mövzu ilə əlaqədar faktların araşdırılması və hesabatlar formasında sənədləşdirilməsi məqsədilə Ombudsman təsisatı və BDU arasında birgə əməkdaşlığın qurulması, o cümlədən müvafiq işçi qrupunun təşkili ilə bağlı təklif irəli sürüb.

Zümrüd  QURBANQIZI,

“Respublika”.