Məcburi köçkünlərə daim qayğı göstərilir
Sosial həyat

Məcburi köçkünlərə daim qayğı göstərilir

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildən başlayaraq, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev bu istiqamətdə 81 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti 30 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 2 Olimpiya İdman Kompleksi, 37 rabitə evi inşa olunmuş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Həmçinin 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axıska türkləri üçün 352 evin inşası başa çatdırılmış və bu layihə 2013-cü ildə də davam etdirilmişdir.

Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün 2010-2020-ci illərdə təqdirəlayiq işlər aparılmışdır. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu 2011-ci illə müqayisədə 2,2 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsait ayrılmışdır. Əhalinin sayını nəzərə alsaq, ən çox qaçqın və məcburi köçkünü olan Azərbaycandır.

Öz doğma yurd-yuvalarından faşist xislətli ermənilər tərəfindən didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət edir.

Azərbaycanın iqtisadi qüdrəti məcburi köçkünlərin həyat şəraitinin bundan sonra da yaxşılaşdırılmasına imkan verir. Müxtəlif beynəlxalq humanitar təşkilatlar da bu sahədə ölkəmizdə çalışmaq istədiklərini bəyan edirlər. Şübhəsiz bu ilk növbədə, Azərbaycanda beynəlxalq, humanitar təşkilatların ayırdıqları vəsaitin təyinatı üzrə çatdırılmasına Azərbaycan hökumətinin zəmanəti var.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr təsdiq olunur. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin normal həyatı təmin olunmuşdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən 2013-cü ildə 1 milyon 10 min manatlıq sənaye malları istehsal edilmiş, 25651 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.

2013-cü ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 50 ədəd müxtəlif markalı güc transformatorları, 44 ədəd artezian və digər su nasosu, 4370 metr güc kabeli, 82,5 min metr elektrik naqili və başqa yardımçı avadanlıq və materiallar verilmişdir.

Respublikanın bütün ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlərin yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının digər elektrik işlədicilərindən asılı olmayaraq, sərbəstləşdirilməsi işi tam həyata keçirilmişdir.

Son on ildə məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan mənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırımışdır.

Dinamik sosial-iqtisadi inkişaf yolunda qazandığı nailiyyətləri davamlı olaraq genişləndirən Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində də böyük uğurların müəllifi kimi çıxış edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etmək məcburiyyətində qalan bu insanların dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin konkret nəticəsi olaraq həyat səviyyəsinin yüksəldilməsi, xüsusən də mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyası 2010-2020-ci illərdə daha da genişlənmişdir. Azərbaycanın iqtisadi cəhətdən getdikcə qüdrətli dövlətə çevrilməsi, əhalinin maddi rifah halının mütəmadi qaydada yüksəlməsi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşması ilə müşayiət olunmuş, onların problemlərinin kompleks həlli üçün geniş imkanlar yaradılmışdır.

Qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Mehriban xanımın təşəbbüsü ilə 2017-ci il iyunun 27-də Heydər Əliyev Fondu tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsində salınan “Yeni Bakı” yaşayış kompleksindən və Mehdiabad qəsəbəsində inşa edilən “Binəqədi Gənclər Şəhərciyi”ndən alınan 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəzalı vəziyyətdə olan “Energetik” pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərə verilib. Bununla yanaşı, həmin il Sabunçu rayonunun Ramana qəsəbəsində 50 və Abşeron rayonunun Masazır qəsəbəsində 210 mənzilli yeni inşa olunan binalara da məcburi köçkünlər köçürülüb.

Elə həmin il Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzil Binəqədi rayonunun ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında məskunlaşmış məcburi köçkünlərə verildi.

2018-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1026 ailəlik müasir tipli “Qobu Park” yaşayış kompleksinə paytaxtın ərazisində zirzəmi və digər ağır şəraitli tikililərdə yaşayan məcburi köçkünlər köçürülüb.

Bu gün qaçqın, məcburi köçkünlərin hər birinin üzü gülür, həyatın ən gözəl anını yaşayırlar. Ermənilərin “məğlubedilməz” adlanan ordusu cəmi 44 gün ərzində Azərbaycan əsgərləri tərəfindən darmadağın edilmiş, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız azad olunmuşdur. İndi Azərbaycanın zümrüd qaşı, mədəniyyət mərkəzi Şuşada, Ağdamda, Laçında, Qubadlıda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda üçrəngli Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri aparılır. Tezliklə məcburi köçkünlər qəribsəmiş yurd yerlərinə dönəcək, hər yer gülüstana çevriləcək, bütün sahələrdə yüksəliş, tərəqqi müşahidə ediləcəkdir...

Qədir ASLAN,

“Respublika”.