MDBMİ rektoru: Biz məzunumuzun dövlət başçısı olması ilə fəxr edirik və bunu hər zaman xatırlayırıq
MÜSAHİBƏLƏR

MDBMİ rektoru: Biz məzunumuzun dövlət başçısı olması ilə fəxr edirik və bunu hər zaman xatırlayırıq

Mən İlham Heydər oğlunu universitetə gəldiyi andan xatırlayıram. O, hündürboylu, atletik quruluşlu, təvazökar bir oğlan idi. Tələbə yoldaşlarının çoxu atasının Azərbaycanın rəhbəri olduğunu belə bilmirdi. Yoldaşları ilə davranışında özünü çox sadə aparırdı.

AZƏRTAC xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov Azərbaycan Prezidenti İlham Əliyevin bu universitetdə təhsil aldığı illərlə bağlı xatirələrini bölüşərkən deyib.

"Onun diplom işinin müdafiəsi çox uğurlu idi. Xatırladığım qədər, elmi rəhbəri professor N.K.Kapitonova idi. Onun namizədlik dissertasiyası MDBMİ kitabxanasında saxlanılır. Həm diplom işinin, həm də dissertasiyanın müdafiəsi çox yaxşı səviyyədə keçdi. Çünki o, hazırlıqlı, motivasiyalı idi, bu işdə maraqlı idi, yaxşı oxuyurdu, kollektivdə özünü rahat hiss edirdi və kollektiv də onunla rahat idi. O, gözəl tələbə, MDBMİ-li idi. Bilirəm ki, o, MDBMİ-də ölkənin müxtəlif yerlərindən çoxlu dostlar qazanıb", - deyə rektor bildirib.

2014-cü ildə universitetin yubileyi ərəfəsində Bakıda keçirilən MDBMİ Məzunlarının I Ümumdünya Forumunu xatırladan A.Torkunov bunun böyük bayram olduğunu, 30 ölkədən 400-dən çox insanın qoşulduğunu vurğulayıb. "O cümlədən keçmiş sovet respublikalarından, Vyetnamdan, Monqolustandan, Avropadan - Çexiyadan, Almaniyadan, Fransadan, Amerikadan və s. ölkələrdən bir çoxları İlham Heydər oğlunu tələbə, bir çoxları isə müəllim kimi xatırlayırdı. Hətta indiki əməkdaşlarımız arasında İlham Heydər oğlunun tələbələri var. Azərbaycanda MDBMİ-nin məzunları çoxdur, lakin təbii ki, bizi ilk forumun Bakıda keçirilməsinə sövq edən bu deyil, Azərbaycan Prezidentinin universitetimizin məzunu olması olub. Universitetə hörmət edən və bunu hər zaman vurğulayan məzun. Hamı indiyə kimi Bakıdakı görüşü xatırlayır. Azərbaycanın paytaxtı çoxları üçün, xüsusən də əvvəllər orada olmayanlar üçün, onların həyatında parlaq səhifə olaraq qalır", - deyə MDBMİ rektoru qeyd edib.

Azərbaycan dövlətinin başçısını yubiley münasibətilə təbrik edən rektor deyib: "Biz məzunumuzun dövlət başçısı olması ilə fəxr edirik və bunu hər zaman xatırlayırıq. Bizim keçmiş Sovet İttifaqı ölkələrində, Mərkəzi və Şərqi Avropa ölkələrində çoxlu dövlət xadimlərimiz var. Prezidentlərdən danışırıqsa, qeyd etməliyik ki, İlham Əliyev postsovet məkanında ilk Prezidentdir. Bu, bizim üçün qürur və nümunədir. Biz hər zaman məzunlarımıza deyirik ki, işləmək, insanları düşünmək lazımdır, yollar açıqdır. İlham Heydər oğlunun yaxşı başlanğıc mövqeləri var idi, dahi ata, biz bunu çox gözəl başa düşürük. Lakin mən özüm görürəm ki, Prezident İlham Əliyevin qazandığı hər uğur onun öz əməyi sayəsində əldə edilir. Mən, ilk növbədə, İlham Heydər oğluna cansağlığı və güc arzulamaq istəyirəm. Çünki onun işi inanılmaz intellektual və fiziki güc tələb edir. Mən ailəsinə xoşbəxtlik və firavanlıq arzu etmək istərdim. Mən İlham Heydər oğlunun ailəsini tanımağıma çox xoşbəxtəm: gözəl həyat yoldaşı, gözəl övladları. İstərdim ki, onlar hər zaman uğur qazansınlar ki, daim sağlam, gözəl, bugünkü kimi gözəl olsunlar".

AZƏRTAC