Maykl Dikerson: Brüssel Sammitində region üçün müsbət addımlar atılıb
Siyasət

Maykl Dikerson: Brüssel Sammitində region üçün müsbət addımlar atılıb

Dekabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikersonla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Səməd Seyidov Azərbaycanın ABŞ ilə münasibətlərə önəm verdiyini qeyd edib, parlamentlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən söz açan komitə sədri bu yaxınlarda ABŞ-da səfərdə olduğunu diqqətə çatdırıb və ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin genişləndirilməsi üçün Konqres nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini deyib.

Bildirilib ki, Azərbaycanda söz azadlığı təmin olunub və media azaddır. Vətəndaşların internet resurslarına, sosial şəbəkələrə azad çıxışı təmin edilib. Milli Məclisdə müasir dövrün tələblərinə cavab verən yeni qanunların qəbul edildiyini bildirən S.Seyidov yeni "Media haqqında" qanun layihəsinin hazırlanmasında da beynəlxalq təcrübəyə istinad olunduğunu, medianın azadlığının qorunmasına diqqət yetirildiyini söyləyib. Qeyd olunub ki, dövlətimiz söz və mətbuat azadlığı ilə bağlı məsələlərə hər zaman böyük diqqət yetirib. "Media haqqında" qanun layihəsinin ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi keçirilib.

Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlərdən danışan komitə sədri bu səfərin Azərbaycanın haqlı mövqeyinin ifadəsi ilə yanaşı, həm də aktuallığı ilə diqqət çəkdiyini vurğulayıb.

ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Niqar Arpadarai Azərbaycanın tarixi Zəfəri, regionda sülhün və əmin-amanlığın təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson Brüssel Sammitinin və keçirilən görüşlərin çox səmərəli olduğunu, orada region üçün müsbət addımların atıldığını vurğulayıb.

Görüşdə qonağın media sahəsinə aid sualları cavablandırılıb.

Söhbət zamanı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC