“May-455” toxum növü
Region

“May-455” toxum növü

“P-Agro” MMC şirkəti bu ilin aprel-may aylarında Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində 10 hektar sahədə Türkiyənin məşhur “May toxum” şirkətinin “May-455” toxum sortunu əkib. Artıq sahədə pambıq yığımı aparılıb.

Məhsul yığımında “P-Agro” MMC, Aqrar İnnovasiya və Təchizat Şirkəti, “May toxum” şirkətinin nümayəndələri, həmçinin “May-455” pambıq sortunun məhsuldarlığı ilə maraqlanan yerli fermerlər iştirak ediblər.

Tədbirdə  “May toxum”  şirkətinin nümayəndələri Ömər İgid, Səlçuq Suluc və Ersin Gözen iştirak ediblər. Şirkətin nümayəndəsi Ersin bəy deyib: “Bu il məhsuldarlıq nəticələrinə əsaslanaraq demək olar ki, bu növ toxumlarda məhsuldarlıq,  iqlim şəraitinə davamlılıq, xəstəliklərə və həşəratlara qarşı müqavimət çox yüksəkdir.  “May-455” pambıq toxumları digər sortlardan yetişmə və suvarma müddəti ilə də fərqlənir. Belə ki, “May-455” toxumları 6-8 gün daha tez yetişdiyi üçün 1 dəfə az suvarılır. Yarpaq sayı ən yaxın rəqibi ilə müqayisədə daha azdır, bu səbəbdən pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilə bilir və daha az pestisid sərf olunur.

Yeri gəlmişkən deyək ki, Saatlı rayonunda son illər suvarma suyunun qıtlığı yarandığından fermerlər sahələri optimal müddət ərzində suvarma suyu ilə təmin etməkdə çətinlik çəkirlər. Bu baxımdan yanaşıldıqda “May-455”pambıq növü ərazi üçün daha münasibdir.

“P-Agro” şirkətinin sahə aqronomu Sahil Ağayev “May-455” toxum sortunun əkin iqlim zonasına mükəmməl uyğunluğu və məhsuldarlığın gözləntilərdən çox olduğu üçün torpağa qoyulan investisiyaların özünü doğrultduğunu qeyd edir. Bununla yanaşı, Sahil Ağayev bildirir ki, şirkət gələn il pambıq əkini sahəsini 10 hektardan 150 hektara qədər genişləndirməyi planlaşdırır.

Aqrar İnnovasiya və Təchizat Şirkətinin gubre.az brendi  “May-455” toxumlarını Azərbaycana idxal edir. Həmçinin fermerlərin təchizatını daha rahat, sürətli təmin etmək məqsədilə  regional satış nöqtələrinin sayını artırır və vaxtaşırı səyyar satışlar keçirir.

                                                          Tofiq HÜSEYN,

                                                         “Respublika”.