Masallının Qızılağac kəndində 528 şagird yerlik yeni məktəb binası qapılarını şagirdlərin üzünə açıb
Elm və təhsil

Masallının Qızılağac kəndində 528 şagird yerlik yeni məktəb binası qapılarını şagirdlərin üzünə açıb

Sentyabrın 22-də, yeni tədris ilinin ilk günü Masallı rayonunun Qızılağac kəndində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən inşa edilmiş 528 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasiminin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yeni məktəb binasının açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov məktəbin müəllimlərini, şagirdləri yeni tədris ilinin başlanması və təhsil ocağı üçün inşa edilmiş yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik ediblər.

Çıxış edənlər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirərək, məktəbin pedaqoji və şagird kollektivinə yeni dərs ilində uğurlar arzulayıblar.

Tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.

Təhsil Nazirliyinin sifarişi ilə “İDEAL-TM” Qapalı Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən tikilmiş üçmərtəbəli yeni məktəb binası 4 korpusdan ibarətdir. Yeni məktəb binası elektrik, su və istilik sistemi ilə təmin edilib. Otaqlar lazımi avadanlıq və məktəb ləvazimatları ilə təchiz olunub. Məktəbin həyətində qazanxana, nasosxana, 2 ədəd 150 kubmetrlik ehtiyat su anbarı inşa edilib, elektrik transformatoru quraşdırılıb. Təhsil ocağının ərazisi hasara alınıb, dekorativ ağaclar və gül kolları əkilib.         

AZƏRTAC