MASALLI XƏBƏRLƏRİ
Region

MASALLI XƏBƏRLƏRİ

Küçələrə asfalt döşənir

Yol abadlıq, rahatlıq, inkişaf deməkdir. Masallı rayonunda yolların əsaslı və cari təmirinə, yeni yolların çəkilişinə xüsusi diqqət yetirilir. Qəsəbələrə və əksər kəndlərə uzanan asfalt yollar abadlığı, rahatlığı ilə diqqəti çəkir.

Son illər Masallı şəhərinin, rayonun qəsəbə və kəndlərinin daxili yollarında da xeyli təmir işləri görülüb. Masallı şəhərinin küçələrinə asfalt örtüyünün çəkilməsi ardıcıl qaydada davam etdirilir. Uzunluğu 320 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsində asfalt işləri yekunlaşıb. Şəhərin İntiqam Əsgərli küçəsinə çınqıl döşənir, qreyderlə hamarlanma işləri aparılır. Yaxın günlərdə 600 metr uzunluğunda olan bu küçəyə isti asfalt  döşənəcəkdir.

 

Tarlalarda məhsul boldur

Şəxsi və fermer təsərrüfatları tərəfindən 2001 hektar sahədə tərəvəz əkilib. Sahələrdə kifayət qədər pomidor, xiyar, badımcan, bibər və digər məhsullar yetişdirilib. Məhsulu vaxtında və itkisiz yığmaq üçün qüvvələr səfərbər edilib. Sahibkarlar 81 hektar sahədə sarımsaq yığımını başa çatdırıblar.

Tərəvəz yığımı günbəgün sürətlənir. Qızılağac, Təklə, Mahmudavar, Musaküçə, Xırmandalı kəndlərinin fermerləri bazarlara bol və keyfiyyətli tərəvəz məhsulları çıxarırlar.

Təzə Alvadıda kartofçuluğun inkişafına daha çox önəm verilir. Cari ilin məhsulu üçün 200 hektardan çox kartof əkilib. Fermerlər orta hesabla hektardan 16-18 ton məhsul yığaraq alıcı təşkilatlara  və bazarlara göndəriblər. Zakir Fərəcov, Əlicabbar  Səfərov, Yaşılməmməd Məmmədovun rəhbərlik etdiyi fermer təsərrüfatları daha yüksək nəticə əldə ediblər. Hazırda məhsul yığılmış sahələrdə yay şumu aparılır.

Rayonda qarğıdalı əkininə start verilib. Təklə, Xırmandalı,  Qarğalıq, Qızılağac və digər ərazilərdə 100 hektardan çox sahədə  əkin başa çatdırılıb. Mexanizatorlar daha 25 hektar sahəni qarğıdalı əkininə hazırlayıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.