MASALLI: RESPUBLİKA GÜLƏŞ TURNİRİNƏ YEKUN VURULUB
Region

MASALLI: RESPUBLİKA GÜLƏŞ TURNİRİNƏ YEKUN VURULUB

Nadir Ağayev əslən Masallının Ərkivan qəsəbəsindəndir. Məktəb illərində idmanla  məşğul olub. Dövrünün tanınmış güləşçisi kimi ad-san qazanıb. Cənub bölgəsində idmanın inkişafında misilsiz xidmətlər göstərib. Sovet dönəmində SSRİ çempionu olub. Yunan-Roma güləşi üzrə SSRİ idman ustası və respublikamızın Əməkdar məşqçisi kimi fəxri adlara layiq görülüb. 1985-ci ildə 50 yaşında dünyasını dəyişib. Nadir Ağayevin yaratdığı güləş məktəbinin yetirmələri uzun illər müxtəlif beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyublar.

Masallılılar, respublikamızın idman ictimaiyyəti tanınmış idmançının unudulmaz xatirəsini daim əziz tutur. Bu günlərdə Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Əməkdar məşqçi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında XXVI ənənəvi Respublika turniri keçirilib.

Turnirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş igidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yarış iştirakçılarını və qonaqları salamlayıb dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək qayğıdan, ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasından, idman sahəsində qazanılan nailiyyətlərdən söhbət açıb.

Azərbaycan idmanında şərəfli iz qoymuş, yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş Nadir Ağayevin ustad məşqçi, görkəmli pedaqoq, gözəl ziyalı kimi xidmətlərindən danışan icra başçısı gənc idmançılara tanınmış güləşçinin yolunu ləyaqətlə davam etdirməyi, yarışlarda yeni uğurlar qazanmağı, idman sahəsində bayrağımızı daim yüksəklərə qaldırmağı arzulayıb.

Respublika Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov irimiqyaslı yarışlar üçün sınaq xarakteri daşıyan bu turnirin əhəmiyyətindən, yığma komandamıza yeni namizədlərin cəlb edilməsində rolundan danışıblar.

Rusiya Federasiyasının Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Əməkdar məşqçi Məşkur Qasımov cənub bölgəsində idmanın güləş növünün rəmzinə, pəhləvanlıq etalonuna çevrilmiş sevimli müəllimi, ustad məşqçi, xeyirxah insan Nadir Ağayev haqqında xatirələrini bölüşüb.

Güləş Federasiyasının hakimləri tərəfindən idarə edilən yarışlarda respublikamızın rayon və şəhərlərindən 29 komanda iştirak edib. İki gün davam edən turnirdə 15-16 yaşlı 182 yeniyetmə 11 çəki dərəcəsində yunan-Roma güləşi üzrə qüvvəsini sınayıb.

Yarışlarda komanda hesabında Sumqayıt, Masallı, Göyçay idmançıları daha çox fərqləniblər. Masallı güləşçilərindən Əmrah Əmrahov (45 kq) birinci, Rəvan Həşimzadə (55 kq) və Nizami Şükürov (92 kq) ikinci, Ravin Kərimov (71 kq) isə üçüncü yerə sahib olub.

İlk üç yeri tutmuş idmançılara təşkilat komitəsi və sponsor tərəfindən  diplom, medal və pul ilə mükafatları təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.