Marionet Nikol Rusiyadan uzaqlaşır
Digər xəbərlər

Marionet Nikol Rusiyadan uzaqlaşır

Ermənistan mediasında və cəmiyyətində 44 günlük müharibə ilə bağlı Rusiyaya qarşı səslənən ittihamlar səngimək bilmir. Mütəmadi olaraq İrəvanda aksiyalar keçirilir, yürüşlərdə “Rusiya Ermənistandan çıx!”, “Yolumuz Avropaya” şüarları səsləndirilir. Ötən həftəsonu mümayiş iştirakçıları, hətta Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolu bağlamış, qarşısında mitinq təşkil etmişlər. Aksiyanın əsas hədəfi guya “Laçın dəhlizinin bağlanmasına” etiraz idi. Ancaq səslənən şüarlar bunun daha çox Rusiyaya qarşı olduğunu təsdiqləyir. “Rusiya işğalçıdır!” kimi sloqanlar İrəvanın Kremlə olan nifrətini özündə əks etdirir. Nə qədər desələr də, bunu hansısa qərbyönümlü dairələr, ictimai təşkilatlar təşkil edib, inandırıcı deyil. Çünki məlum məsələdir ki, son illər Ermənistanda təşkil edilən bütün aksiyaların arxasında Baş nazir Nikol Paşinyanın özü dayanır. Sözsüz ki, ölkədə anti-Rusiya meyillərinin güclənməsinin də başlıca səbəbi Paşinyandır. Çünki erməni lider hakimiyyətə gəldiyi ilk dövrdən bəri Avropaya üz tutub. Bunun da səbəbi odur ki, Paşinyanı Ermənistanda hakimiyyətə gətirən Avropa liderləridir. Ona verilən əsas təlimatlar isə Ermənistan cəmiyyətində anti-Rusiya ovqatını, meylini gücləndirməkdən ibarətdir. Yəni Paşinyan Rusiyanın artıq Ermənistana kömək etmədiyi təəssüratını yaratmalı, cəmiyyətin qərbə inteqrasiya prosesini sürətləndirməlidir. Bu tapşırıqları icra etmək üçün isə indi ən uyğun mühit formalaşıb. İrəvan həm 44 günlük müharibədə Rusiyanı özlərinə dəstək verməməkdə günahlandırır, həm də sülhməramlıların fəaliyyətindən narazılığını bildirir. Bütün bunlardan istifadə edən Paşinyan həm ölkədə antirus mövqeyini gücləndirməyə çalışır, həm də İrəvanı məqsədli şəkildə Moskvanın əsas rol oynadığı KTMT, MDB, eləcə də Avrasiya İqtisadi Birliyindən uzaqlaşdırmaq istəyir.

Hazırda Rusiya əleyhinə çıxış edən siyasətçilər isə bir müddət öncə Ermənistanın siyasi hakimiyyətini anti-Rusiya mövqeyində ittiham edənlərdir. Heç kimə sirr deyil ki, Vazgen Manukyan, Seyran Ohanyan və digərləri müharibədən öncə Nikol Paşinyan komandasını Rusiya əleyhinə fəaliyyətdə ittiham edirdi. Lakin indi onlar da Moskvaya qarşı daha sərt ritorika seçiblər. Əslində, bütün bunlar təəccüblü qarşılanmamalıdır. Çünki İrəvan tarix boyu əlinə fürsət düşən kimi Rusiyaya arxa çevirib, özünə yeni hami axtarıb.

Paşinyan Administrasiyasının hazırkı siyasəti ermənilərin yeni sponsor axtarmaq cəhdləri kimi də şərh oluna bilər. Onlar bir növ beynəlxalq ictimaiyyətə göstərirlər ki, biz Moskvadan imtina edirik və yeni tərəfdaşlıqlara açığıq. Son dövrdə Avropa İttifaqı missiyasının Ermənistan ərazisinə gəlməsi də bu kontekstdə izah oluna bilər. Yəni hazırda İrəvan açıq şəkildə qərbyönümlü siyasət yeridir. Paşinyan hökuməti Moskvanı Bakı ilə danışıqlar prosesindən çıxarmağa, Kremli Brüssellə əvəz etməyə çalışır. Hazırda görünən odur ki, Moskva-İrəvan münasibətləri qırılma həddinə çatıb. Bundan sonra Rusiya ilə Ermənistan arasındakı əlaqələrdə gərginlik daha açıq şəkildə özünü büruzə verəcək.

Jalə QASIMZADƏ,

“Respublika”.