Malik Əsədov
Sosial həyat

Malik Əsədov

…Dağlar qatı dumana bürünmüşdü. Şuşanın Nəbilər kəndi uğrunda qızğın döyüşlər gedir, hər tərəfə güllə yağışı yağır, erməni daşnakları dinc əhalini vəhşicəsinə qırır, geri çəkilmək istəmirdilər. Əlverişli mövqe tutmuş Azərbaycan polisinin igid, cəsur oğulları düşmənin hücumlarının qarşısını cəsarətlə alır, sayca az olsalar da, ermənilərin müqavimətini qırırdılar. Qəlbində daşnak quldurlara dərin nifrət bəsləyən Malik Əsədov da düşmənə qarşı ara vermədən atəş açır, ermənilərin Nəbilər kəndinə girməsinə imkan vermirdi.

Malik Hamil oğlu Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində dünyaya göz açmışdır.

O, 1979-cu ildə orta məktəbi müvəffəq qiymətlərlə başa vurmuş, sonra isə Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamış, get-gedə təcrübəsini artıraraq püxtələşmişdi.

Birinci Qarabağ müharibəsi başlayanda, Vətənin müdafiəsinə yollananlardan biri də Malik Əsədov oldu. Odlu səngərlərə yollanan, yağı düşmənə qarşı igidliklə vuruşan Malik Əsədov Xocalı, Əsgəran, Ağdam və Şuşada gedən ağır döyüşlərin iştirakçısı oldu. Çox keçmədən bölmə komandiri təyin edildi. Göstərdiyi xidmətlərə görə bir neçə dəfə DİN-in fəxri fərmanlarına və mükafatlarına layiq görüldü. O, Şuşanın Daşaltı kəndinin yaxınlığında misilsiz şücaət göstərdi, düşmənə sarsıdıcı zərbələr endirdi.

1992-ci il yanvarın 18-i idi. Şaxta adamı bıçaq kimi kəsirdi. Hər yan ağ örpəyə bürünmüşdü. Şuşanın kəndi uğrunda qızğın döyüşlər gedirdi. Yaraqlılar sayca çox idi. Polis işçiləri isə cəmi 6 nəfər idi. Bu çətin məqamda Malik sayıqlığını itirmir, düşmənə layiqli cavab verirdi. Bu çətin döyüşlərdə cəsarətlə vuruşan Malik Əsədov şəhidlik zirvəsinə yüksəldi. Son mənzili isə Havarlı kəndindəki qəbiristanlıq oldu. Yurdunda isə 3 övladı qaldı.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Təhsil aldığı Havarlı kənd orta məktəbi Malik Əsədovun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində qəhrəmanın büstü qoyulmuşdur.

Qədir TƏYYAROĞLU,

"Respublika".