Malayziya qəzeti Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan xüsusi məqalə yayıb
Digər xəbərlər

Malayziya qəzeti Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan xüsusi məqalə yayıb

Fevralın 24-də Malayziyanın nüfuzlu "Utusan Malaysia" qəzeti Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş xüsusi məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, müəllifi qəzetin beynəlxalq xəbərlər şöbəsinin əməkdaşı Taqib Şaker olan "Xocalı: hələ də davam edən ağrı" başlıqlı məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlılarının Azərbaycanın Xocalı şəhərində törətdikləri faciə barədə ətraflı məlumat verilir. Vurğulanır ki, dünya xalqları ermənilər tərəfindən törədilən bu soyqırımı qurbanlarının xatirəsini hər il anacaqlar. Kədər hissi ilə qeyd edilir ki, səhər saatlarında baş verən hücum zamanı yüzlərlə şəhər sakini - qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilib.

Məqalədə Xocalı şəhərinin coğrafi mövqeyi, burada yaşayan əhalinin tərkibi haqda da bəhs olunur. Təqribən 7 min əhalisi olan şəhərə yağdırılan bombalar və hücum nəticəsində 613 nəfər mülki sakinin həlak olduğu qeyd edilir. Hücum zamanı 1275 nəfərin əsir götürüldüyü, onlardan 150-sinin taleyinin hələ də naməlum qaldığı bildirilir.

Erməni separatçılarının törətdikləri vəhşiliklərdən bəhs edən müəllif onların 487 xocalılının, o cümlədən 76 uşağın müxtəlif əzalarını kəsdiklərini də qeyd edir. Vurğulayır ki, bu onların insanlıq hisslərindən məhrum olduqlarını bir daha təsdiq edir.

Yazıda ermənilərin hədəf kimi niyə məhz Xocalı şəhərini seçməsinin səbəblərinə də toxunulur. Bildirilir ki, məqsəd həmin ərazidə Azərbaycan xalqının mədəniyyətini, tarixi abidələrini məhv etmək və bu ərazilərin guya erməni torpaqları olmasını sonradan təsdiq etmək idi.

Məqalədə hadisə şahidlərinə istinadla ermənilərin dinc əhalini aldadaraq şəhərdən çıxarması və sonra onlara qarşı görünməmiş vəhşiliklər törətməsi də əksini tapıb. Götürülən əsirlərə verilən işgəncələr, onlara tutulan divan müəllif tərəfindən ermənilərə qarşı böyük nifrətlə qələmə alınıb. Qeyd edilib ki, bu insanlar yalnız milli mənsubiyyətlərinə görə bu əzablara düçar ediliblər.

Müəllif məqalənin oxucularına müraciət edərək onları bu faciə barədə beynəlxalq ictimaiyyəti daha obyektiv və daha ətraflı məlumatlandırmağa çağırır. Vurğulayır ki, belə vəhşiliklərin gələcəkdə bir daha təkrar olunmaması üçün bu soyqırımını törədənlər beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Həmçinin bütün malayziyalılar dost Azərbaycanın sabitliyi və gələcək inkişafı üçün dualarını əsirgəməməlidirlər.

AZƏRTAC