Makronun dərdi var...
Digər xəbərlər

Makronun dərdi var...

O, yalançı vədlərlə hakimiyyətini möhkəmləndirmək istəyir

Fransa dövlətinin anti-Azərbaycan siyasəti İkinci Qarabağ müharibəsindən sonra daha da kəskin hal almağa başlayıb. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa dünyada gedən dövlətlərarası münasibətlərə beynəlxalq hüquq çərçivəsində deyil, şəxsi maraqlar zəminində qiymət verir. Qarabağın Azərbaycanın ərazisi olması dünyanın bütün dövlətləri, həmçinin  beynəlxalq və regional təşkilatlar tərəfindən öz təsdiqini tapsa da, Makron administrasiyası bununla razılaşa bilmir.  44 günlük  Vətən müharibəsi  dövründə Ermənistanın məğlub olmasını görən Emmanuel Makron hər cür çirkin oyunlara əl atırdı ki, bu müharibənin qarşısını alsın, batmaqda olan Ermənistanı xilas etsin. Bütün bu olanların səbəbi isə aydındır. Əsas səbəb Makron administrasiyasının erməni lobbi və icması tərəfindən idarə olunmasıdır. Əslində, Fransa hökuməti özü də bilir ki, Qarabağ  heç bir zaman Ermənistan ərazisi olmayacaq. Sadəcə, boğazdan yuxarı çıxışlarla səs qazanmaq, vəzifə tutmaq istəyi onları buna sövq edir.

 Emmanuel Makron elə bir imic yaratmaq istəyirdi ki, sanki təcavüzə uğrayan tərəf də, torpaqları işğal olunan da Ermənistandır.  Axı bu necə ola bilərdi? Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bütün beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə Fransanın da imzası olub.  Lakin bu dövlətin apardığı ikiüzlü siyasət, islamofobiya, azərbaycanofobiya Makron administrasiyasını buna məcbur edirdi. Ermənipərəst mövqeyilə tanınan Makronun Xankəndidə humanitar büro açmaq istəyi Azərbaycan tərəfindən rədd edilib, özünə bildirilib ki, Qarabağda yaşayan ermənilər hər hansı bir çətinliklə üzləşəcəyi təqdirdə, Azərbaycan hökuməti lazım olan köməyi göstərəcək. Rəsmi Bakı Xankəndidə yerləşən beynəlxalq Qırmızı Xaç Komitəsi ilə daim təmasdadır.

Qərəzli siyasətin digər bir ifadəsi Fransa Parlamenti Aşağı Palatasının Milli Assambleyasının yekdilliklə "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılmasını tələb edən" qətnamə qəbul etməsi oldu.  Qətnamə layihəsinin əsas müəllifləri Fransa prezidenti Emmanuel Makronun "Renessans" partiyasının üzvləri olmuşdur. Bu qətnamə digərləri kimi, kağız parçası  olsa da Fransanın ədalətsiz mövqeyini bəyan edir.

Fransa-Azərbaycan gərginliyini artıran hadisələrdən biri də ermənilərin Parisdə səfirliyimizə etdiyi hücum  olmuşdu. Bir qrup erməninin səfirliyimizə daxil olmaq cəhdinə qarşı  Fransa Təhlükəsizlik əməkdaşları heç bir tədbir görmədilər. Buna cavab olaraq o zaman Azərbaycanın Fransadakı səfiri öz tvitter səhifəsində baş verən hadisəyə belə şərh vermişdi: "Fransanın erməni fanatları  Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!".

Göründüyü kimi, Makron hökuməti hər cür vasitə ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Bu oyunun baş rolunun ifaçıları isə ermənilərdir.

Fransanın  Azərbaycan üzərində bu qədər basqı yaratmaq cəhdlərinin əsas səbəblərindən biri də Türkiyə-Azərbaycan dostluğudur. Regionda əsas söz sahibi olan iki qardaş dövlətin günü-gündən güclənməsi Fransanı çox narahat edir. İkinci  Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Türkiyənin güclənməsi regionda sülh prosesinə olduqca böyük töhfələr verəcək. Makron Administrasiyası isə kövrək sülh addımlarını dəstəkləmək əvəzinə, revanşist qüvvələrə dayaq durur, onları şirin yalanlarla aldadır. Əgər Makron milli azlıqların taleyinə bu qədər həssas yanaşan dövlət başçısı olsaydı, ilk növbədə, korsikalılara bunu çox görməzdi. Fransanın tabeçiliyində olan korsikalılar uzun illərdir öz haqları olan geniş muxtariyyətə sahib olmaq istəyir. Öz dillərində təhsil almaq kimi milli-mənəvi hüquqlarını əllərindən alan Fransa hökuməti, korsikalılara heç bir güzəştə getmək istəmir. Yalnız Emmanuel Makron seçkilər öncəsi yalan vədlər verərək Korsika xalqını müəyyən müddət  ümidləndirib.

Avropanın enerji böhranı ilə üz-üzə olduğu bir dövrdə, qitənin Azərbaycana ehtiyacı daha da artıb. Belə bir məqamda  Fransanın Avropa İttifaqına Azərbaycana embarqo qoymaq təklifini etməsi ancaq ağılsızlıqdır. Düzdür, Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmadı, əslində, buna səbəb də yox idi. Əvəzində, Avropa İttifaqı ilə yeni saziş imzalanaraq qitəyə təbii qazın ixrac həcmi artırıldı.

 Dövlət başçısı İlham Əliyev dəfələrlə Fransanı Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış etməməyə çağırıb: "Biz Fransasız, Fransa da bizsiz yaşaya bilər. Bu, onların seçimidir. Əgər onlar ikinci bir erməni dövləti yaratmaq istəyirlərsə, bunu Fransa dövləti ərazisində etsinlər".

Musa BAĞIRLI,

"Respublika".