Makron siyasi fiqurdan daha çox satirik personaja bənzəyir
Digər xəbərlər

Makron siyasi fiqurdan daha çox satirik personaja bənzəyir

Makronun reytinqi əvvəldən zəif olub. Hökuməti idarə edə biləcək imici, dünya səviyyəsində siyasət yürütmək ağlı olmayıb. Əslində, bir az miyanə adamdır. Hər şeyə sevgi ilə yanaşır, "məhəbbət" göstərir. Qədimliyi, köhnəliyi daha çox sevir. Tarixin o üzündən adlayan yaxud da təsadüfən bu tərəfə sıçrayan "dəyərləri" xoşlayır. Onlara daha çox üstünlük verir.

Amma firənglər onu sevmir, hətta, gülüş hədəfinə çevirirlər. Onun hər addımını, çıxışını yaxud da görüşünü məsxərəyə qoyurlar. Hətta, ölkəsində ona qarşı kəskin aqressiyası olan böyük bir toplum da var. Həmin insanlar öz intiqamlarını ona yumurta atmaqla bildirirlər. Bəziləri isə Makronu şillələməklə onun qədər cılız olduğunu göstərirlər. Bəzilərinə görə isə cənab dəcəl uşağa bənzəyir. Səhv edir, etdiyini özü dərk edir, ancaq etiraf etməyə gücü yetmir. Adətdir, dəcəl uşağı ailəsi tənbeh edər. Təəssüf ki, Makron bu sarıdan da yarımayıb. Yəni firənglərdə ailə modeli tamam başqadır. Makron da bu barədə dərsə gecikmiş uşaq kimidir. Mövzunun izahından, məğzindən anlayışı yaxud da səriştəsi yoxdur.

Makron siyasi fiqur kimi ciddi deyil. Artıq Parlamentdə nüfuzunu itirib, prezident kimi isə sadəcə adı var. Eyni zamanda, beynəlxalq aləmdə vəziyyət eynidir. Siyasi arenada xüsusi çəkisi yeri olan siyasətçilər sırasında yoxdur. Hər çıxışında özünü gülüş obyektinə çevirir. Ciddi səhvlərə yol verir. Ola bilsin, Makron ətrafına o qədər inanmır. Necə ki, Hacı Hatəmxan ağa vaxtilə deyirdi: "Biz, hər zada inanarıq. Firənglər isə heç zada inanmaz". Görünən odur ki, ona inanan sadəcə ölkəsində yaşayan erməni əsilli vətəndaşlardır. Onların da kölgəsi təəssüf ki, Fransaya deyil, Ermənistana düşür. Makron dünyada erməniləri müdafiə etdiyi bir zamanda, öz vətəndaşlarının hüquq azadlıqlarını tapdalamış olur. Belə ki, Korsika artıq uzun illərdir Fransanın müstəmləkəsinə çevrilib. Korsikalıların hüquqları tapdanır, öz dillərində danışmaq hüquqları əllərindən alınır. Fransa kimi Avropa ölkəsi öz vətəndaşının hüquqlarını əzdiyi halda, Ermənistan kimi yamaq, yaltaq bir dövlətin yalançı hüquqlarını müdafiəyə qalxır. Əlbəttə ki, fransız xalqı da bunu çox gözəl anlayır. tapdanmış, çeynənmiş hüquqlarını müdafiə üçün etiraz aksiyalarına başlayıblar. İndi ölkənin hər yerində aksiyalar keçirilir. Makron onun islahatlarından narazı kütlə öz hüquqları uğrunda mübarizə aparırlar. Baş verənləri siyasi ekspertlər rüsvayçılıq kimi qiymətləndirirlər. Artıq dünyada müstəmləkəçilik siyasətinə son qoyulsa da, Fransa isə onu daha geniş şəkildə davam etdirir. Yaxşı olardı Makron nəzərlərini uzaq sərhədlərdən çəkib, öz ölkəsinə diqqət yetirsin. Azərbaycan kimi dövlətlərin daxili işlərinə qarışmaqdansa, öz daxilindəki prosesləri nizamlasın.

Nəticə ondan ibarətdir ki, Makronun Fransaya rəhbərliyi o qədər uğurlu alınmadı. Hakimiyyəti dövründə ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşdi. Baş verənlərə onun laqeyd münasibətinin nəticəsində isə narazı kütlənin sayı kəskin artdı. O, qeyri-ciddi yanaşmaları sayəsində daha çox satirik personaja bənziyir. Əslində, vaxtında səmtini dəyişib, bu istiqamətdə getsəydi, bəlkə daha uğurlu alınardı. O, pianoçu, futbolçu, iqtisadçı kimi daha çox uğur qazanıb, nəinki prezident kimi.

Hazırda dünyanın qan çanağına çevrilən nöqtələrindən biri Fransadır. Ölkədə çaxnaşmalar getdikcə daha da güclənir. Hökumətin pensiya islahatlarına qarşı mübarizə aparan narazı kütlə öz hisslərinə hakim ola bilmir. Fransanın bir çox böyük şəhərlərində keçirilən etiraz nümayişlərində artıq 1 milyondan çox insan iştirak edib. Makron isə bunları çox yaxşı görür dərk edir. Ancaq qəbul etmir. Çünki o, siyasət adamından daha çox, səyahət adamıdır. Fikri həmişə uzaqlarda olub. Avropadan ta Qafqaza kimi nəzər-diqqətini yönəldib. Yalan sevdaları onu erməni bacılarına elə bağlayıb ki, öz eyiblərini görəcək qədər kor olub.

Ramidə YAQUBQIZI,

"Respublika".