Makron hakimiyyətinin pərdəarxası
Siyasət

Makron hakimiyyətinin pərdəarxası

Dünyaya demokratiya dərsi keçməyə çalışan, lakin xain qərb qonşumuzun məkrli planlarına dəstək göstərən Fransanın üzü özünü daim bəlli edir. Bu cür qərəzli siyasəti Fransanın demokratiya məfhumundan xəbərdar olmadığını təsdiqləyir.

Xüsusi vurğulamaq lazımdır ki, erməni havadarı Fransanın İkinci Qarabağ savaşı zamanı sərgilədiyi mövqe bu ölkənin heç düşməndən fərqlənmədiyini sübut etdi. Fransa prezidenti Makronun fikirlərinə diqqət yetirdikdə, onun siyasət barədə anlayışı şübhə doğurur. Belə ki, Makron bir gün bir fikir, ertəsi gün isə başqa fikir söyləməklə regiondakı sülhə təhdid yaratmaq istəyini açıq şəkildə bəlli edir. Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına əngəl törədən dövlətlərdən biri birincisinin məhz Fransa olması da təsadüfi deyil. Amma Fransa başa düşməlidir ki, istər müharibə, istərsə postmüharibə dövründə ölkəmizin əleyhinə səsləndirilən fikirlər Azərbaycanın siyasi, ictimai həyatı üçün əhəmiyyət kəsb etmir. Bu cür addımlar əksinə, Makron hakimiyyətinin özü üçün, ölkənin tarixi üçün ləkə hesab olunur. Hər qərəzini açıq şəkildə bəyan edən Fransa ermənidən artıq erməni olmaq fikrinə düşdüyünü etiraf etsə, daha məqsədəuyğun olar. Fransanın xainliyinin daha bir təzahürü Azərbaycan-Ermənistan arasında "vasitəçilik" cəhdləridir. Adətən, vasitəçi dövlətlər mövcud siyasi gərginliyin aradan qaldırılmasına kömək edirsə, Fransa durumu daha da mürəkkəbləşdirir. Emmanuel Makronun xain addımlarını onun digər ölkələrin işlərinə müdaxilə etmək cəhdi kimi qiymətləndirmək mümkündür.

Lakin Makronun hazırda fokuslanmalı olduğu məsələ məhz Fransa daxilində olmalıdır. Çünki Odoxa sosial sorğu institutunun barometrinə görə, fransızların 70 faizi Emmanuel Makronun fəaliyyətindən narazıdır. Makronun son aylardakı populyarlıq reytinqinə nəzər yetirsək, nüfuzunun kəskin şəkildə azaldığını görərik. Bu məsələdə Fransa prezidentinin pensiya islahatlarının da rolu var. Xatırlatmaq yerinə düşər ki, aprelin 15- Emmanuel Makron pensiya islahatı haqqında qanun imzalamışdır. Sənəddə pensiya yaşının 62-dən 64-ə qaldırılması səbəbindən ölkədə kütləvi etirazlar başlamışdır. Emmanuel Makronun bu etirazlar qarşısında rəzilliyini gözardı etmək olmaz. Etirazlara səbəb olan pensiya islahatlarından sonra Emmanuel Makronun ölkə ərazisinə səfərləri baş tutmuşdur. Səfər çərçivəsində Makronun Fransanın Dol şəhərindəki üzdəniraq hərəkəti onun üzünü bir daha göstərmişdir. Belə ki, şəhərin mərkəzi bazarlarının birində sakinlərlə görüş zamanı Makrona pensiya islahatının gedişi ilə bağlı sual ünvanlanıb. Bu zaman Makron özünü saxlaya bilməyib yaşlı qadınlara nalayiq söyüşlər söyüb. Prezidentin bu cür davranışı isə onun şəxsiyyəti barədə müəyyən suallar doğurur. Makron, həmçinin öz düşərgəsində tənəzzülə uğrayıb. Makron hakimiyyətinə rəğbət bəsləyən "Renaissance" partiyasının tərəfdarları arasında da narazılıqlar baş qaldırıb. Hazırda Makronun tək dəstəkçiləri respublikaçılardır. Bundan başqa, Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filipponun tviter hesabındakı paylaşımı da diqqət çəkib. Belə ki, Filippo Makronu ölkənin təhlükəsizliyinə əsas təhdid adlandırıb. Partiya rəhbəri ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəyanatını xatırladaraq paylaşımında bildirib ki, amerikalılar üçün ən böyük təhlükə xarici ölkələrdən deyil, "ölkəni daxildən dağıtmaq istəyən xəstə radikal siyasətçilərdən gəlir. "Fransada da belədir", - deyə Filippo qeyd edib. Bütün bunlar, ölkə daxilində Makrona münasibətin, eyni zamanda ondan narazılığın təzahürüdür.

Nəzrin ELDARQIZI,

"Respublika".