Makroiqtisadi sabitliyin formalaşmasına və davamlı olmasına nail olunur
İQTİSADİYYAT

Makroiqtisadi sabitliyin formalaşmasına və davamlı olmasına nail olunur

Azərbaycanın neft sektoru dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rola malikdir. 2019-cu ilin yekunları üzrə Azərbaycanın bütün ixracının 75,45-i neft ixracının payına düşüb. Bu ildə Azərbaycandan 14 milyard  814 milyon 132,71 min manat məbləğində bəyan edilmiş neft ixracı 30 milyon 837,085 min ton təşkil edib. Bu dövrdə dəyər ifadəsində azalma 5,8 faiz təşkil edib. Azalma, dünya bazarında neftin qiymətinin aşağı olması ilə bağlıdır. Son illər Azərbaycan neftinin ixrac coğrafiyası böyük dərəcədə genişlənib. Əvvəlki illərlə müqayisədə son bir ildə ölkənin ümumi neft ixracının həcmi və əldə olunan gəlir artıb, dünyada Azərbaycan neftinə maraq daha da böyük əhəmiyyət kəsb edib. Son 2 ilin təhlili göstərir ki, Azərbaycan nefti əsasən Avropa və Asiya ölkələrinə ixrac olunub. Bunlardan Rusiya, Ukrayna, Almaniya, Böyük Britaniya, Çexiya, İtaliya, Türkiyə, İspaniya, Fransa, Bolqarıstan, Çin, Yaponiya, Kanada, Xorvatiya, Rumıniya, İsrail, Portuqaliya və digər dövlətləri göstərmək olar. Artıq 2020-ci ildən Belarus da Azərbaycan neftinin alıcıları sırasına daxil olub. Belarus artıq Azərbaycandan 1 milyon ton neft almağa qərar verib.

İxrac olunan neftin həcminə təsir edən əsas amil hasil edilən neftin həcmidir. Azərbaycanda neft hasilatı isə Azəri-Çıraq-Dərinsulu yataqlarının işlənməsi nəticəsində 2010-cu ildə pik nöqtəsinə çatmış, sonrakı illərdə isə, təbii olaraq azalmışdır. Belə ki, 2010-cu ildə ixrac olunan neftin həcmi 44.5 milyon ton, 2011-ci ildə 39.0 milyon ton, 2012-ci ildə 36.8 milyon ton, 2013-cü ildə 36.5 milyon ton, 2014-cü ildə 35.2 milyon ton, 2015-ci ildə 35.1 milyon ton, 2016-cı ildə 35.0 milyon ton, 2017-ci ildə 32.9 milyon ton, 2018-ci ildə 32.6 milyon ton, 2019-cu ildə 31.2 milyon ton və 2020-ci ildə isə 28.4 milyon ton olmuşdur. Ümumilikdə isə son on ildə neftin ixracı göründüyü kimi ilbəil azalaraq 387.1 milyon ton təşkil etmişdir.

Qeyd edək ki, neft hasilatının azalmasının səbəbi Dövlət Neft Şirkətinin məqsədli şəkildə hasilatın azaldılması ilə bağlıdır. Neft ehtiyatları azaldığı üçün Dövlət Neft Şirkəti hasilata qeyri-rəsmi limitlər müəyyənləşdirir ki, növbəti illərdə kəskin azalmalar baş verməsin. Həmçinin bu dövrlərdə bu sektorda aparılan təmir işləri bəzi yataqlardan hasil olunan neft ehtiyatlarının azalmasına səbəb olmuşdur ki, bu da təbii ki, neftin ixracında özünü bariz şəkildə göstərmişdir.

Azərbaycanda aparılan uğurlu iqtisadi inkişaf kursu bu illər ərzində ölkənin valyuta ehtiyatlarının artmasına səbəb olmuşdur. Son 10 ildə valyuta ehtiyatlarımız 2 dəfəyə yaxın artaraq 52 milyard ABŞ dollarına çatmışdır ki, bu da ölkənin ÜDM-ni üstələyir. Ötən bu dövr ərzində 2020-ci ilin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 6,5 milyard ABŞ dolları həcmində olmuşdur. Son 10 ildə valyuta ehtiyatları ilbəil artaraq 2021-ci ilin iyun ayının sonuna 51,9 milyard ABŞ dolları təşkil etmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord hədəfə çatmışdır biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, — o vaxtkı, dünya bazarında neftin qiyməti dörd dəfə düşmüşdü, yenə də biz valyuta ehtiyatlarını artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitlərimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm də iqtisadi sahədə, biznesin inkişafı baxımından”. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarında vurğulanır ki, Azərbaycan dövləti strateji valyuta ehtiyatlarının idarə olunması istiqamətində çevik, məqsədyönlü siyasət aparır. Həyata keçirilən bu düzgün siyasət sayəsində dünyada baş verən maliyyə böhranının davam etdiyi bir dövrdə böyük valyuta ehtiyatlarına malik ölkə üçün böhranın yan təsirlərini bütünlüklə məhdudlaşdırmaq gücünə malikdir. Beynəlxalq maliyyə qurumları və digər aidiyyəti institutlar Azərbaycanda möhkəm makroiqtisadi sabitliyin yaradıldığını, valyuta bazarının bütün istiqamətlərində inkişaf templərinin açıq müşahidə edildiyini bəyan etmişlər. Bütün bunlar ölkənin valyuta ehtiyatlarının artması ilə yanaşı, həm də milli valyutanın, manatın nüfuzunun daha da artmasına şərait yaradır. Bu gün Azərbaycanda strateji valyuta ehtiyatlarının artmasının əsas səbəbi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, gələcəyə hesablanmış uzaqgörən siyasətinin, qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatların və əlverişli investisiya mühitinin yaradılması ilə mümkün olubdur. Cənab Prezident qeyd edib ki, Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, aparılan uğurlu şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, ölkə iqtisadiyyatı dayanıqlı olaraq artsın, neft-qaz sektorundan asılı olmasın.

Göründüyü kimi, 2010-2020-ci illər ərzində ölkəmizin neft ixracında 2 dəfədən çox azalma qeydə alınsa da, Azərbaycanın valyuta ehtiyatlarının 2,5 dəfə artmasına nail olunmuşdur. Qeyd etmək lazımdır ki, ölkənin valyuta ehtiyatları dünya bazarında neft qiymətlərinin kəskin şəkildə ucuzlaşdığı bir vaxtda belə artmış və valyuta ehtiyatlarının dinamik artımına nail olunmuşdur. Bu artım statistik rəqəmlərdə də öz əksini tapmışdır. Belə ki, ölkənin valyuta ehtiyatları 2010-cu ildə 27 778,4 milyon, 2011-ci ilin on ayında 39 185,8 milyon, 2012-ci ilin on ayında 44 698,9 milyon, 2013-cü ildə 49 071,9 milyon, 2014-cü ildə 52 347,7 milyon, 2015-ci ildə 41 752, 8 milyon,  2016-cı ildə 39 954,3 milyon, 2017-ci ildə 41.187,5 milyon, 2018-ci ildə 44.522,2 milyon, 2019-cu ildə isə 44 140,9 milyon ABŞ dolları olmuşdur. Son 15 ildə Azərbaycanın valyuta ehtiyatları yüz dəfədən çox artmışdır. Hazırda ümumi daxili məhsulun 70 faizini strateji valyuta ehtiyatı formalaşdırır. Bu yüksək göstəriciyə görə Azərbaycan dünya miqyasında 15 inkişaf etmiş ölkələr sırasındadır.

Əli SADIQOV,

“Respublika”.