Mahir pedaqoq, qayğıkeş və təvazökar insan
Sosial həyat

Mahir pedaqoq, qayğıkeş və təvazökar insan

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Həyatda hər bir kamil insanın xarakterini müəyyənləşdirən xüsusi və həlledici xüsusiyyətlər var. Cəmiyyətdə seçilmiş insanların çoxluq tərəfindən sevilməsi, hörmətə layiq görülməsi və fərqlənməsi bu önəmli xüsusiyyətlərin üzə çıxmasından başlayır. Davranışı, əqli, fikri və ədəb-ərkanı ilə özünü təsdiq edən, yaradıcı əməyi ilə həyatın gözəlliyini artıran namuslu insan şəxsiyyətdir. İnsanların şəxsiyyət kimi formalaşması millətin başucalığıdır. Şəxsiyyətin ən uca məqama yetişməsinin əsas əlaməti isə bənzərsizlikdir...

Ürəyi günəş kimi isti, mayası xeyirxahlıqla yoğrulan, tanıyan hər kəsdə sonsuz sadəliyi ilə heyrət doğuran belə bənzərsiz insanlardan biri haqqında, onun doğum günü ərəfəsində, fikirlərimi sevərək qələmə almaq keçdi ürəyimdən. Və ilk öncə mütləq onu da qeyd etmək istəyirəm ki, yazımın qəhrəmanı professor Ədibə xanım Paşayeva Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, publisist, ədəbiyyatşünas-alim və müəllimlər müəllimi olan böyük mütəfəkkir Mir Cəlal Paşayevin müqəddəs ocağında dünyaya gəlib. Məlum məsələdir ki, insanın mükəmməlliyi də, milli-mənəvi ruha köklənməsi də onun soykökünün şərəfli və ləyaqətli olmasından başlayır. Ədibə xanım atasının - böyük ədibimizin bir ömür boyu bağlandığı, təəssübünü çəkdiyi BDU-nun yetirməsi olmaqla yanaşı, bu gün həm də bu elm ocağının görkəmli simasıdır. Onun büllur kimi təmiz adı harada çəkilirsə, orada insanların üzünə xoş təbəssüm qonur və adamı iftixar hissi bürüyür. Hər vaxt öz qürurunu və bütövlüyünü qoruyan, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran əliaçıq, təmkinli, qəlb ovudub könül tikən, elmli və geniş dünyagörüşlü Ədibə xanım haqqında bu yazını qələmə alarkən ədəbiyyatşünas Əkbər Babayevin Nazim Hikmət haqqında dediklərini xatırladım:

“Nazim Hikmət öz əsərlərinə ön söz yazmağı və ya yazdırmağı sevməzdi. Və şair buna aydınlıq gətirərək deyərdi ki, kitab yazılıb, oxucuya təqdim olunubsa, oxucu rəyi hər şeyi əvəz edəcək. Müqəddiməni də, son sözü də onlar deyər, mən öz oxucularıma çox inanıram”. Bu fikirləri bu an əbəs yerə xatırlamadım. İllərdir sözün tam mənasında insanlığına, qeyri-adi səmimiliyinə, ətrafında olan hər bir kəsə göstərdiyi diqqətinə və mərhəmətinə məftun olduğum, pafoslu “sağ ol”ları və təşəkkürləri sevməyən, etdiyi yaxşılıqların dilə alınmasına ehtiyac duymayan Ədibə xanıma ünvanladığım yazılarımda bu üzdən necə ehtiyatla davranmağıma tək özüm şahidəm. Dünyaca təvazökarlığa sahib olan bu  möhtərəm insan ümman haqq-sayına və yaxşılıqlarına rəğmən kimlərinsə bir kəlmə minnətdarlıq bildirməsinə əsla izin verməz və hətta bundan narahat olar. Bu da “sağ olun” demək istəyənin sözünü ehmalca kəsib “siz də belə edərdiniz” deyib keçən, “əl tutmaq Əlidən qalıb” fikrinə önəm verən, “Allah hər şeyi görüb-biləndir” deyib düşünən, yüksək mənəvi dəyərlərə xidmət edən insanın möhtəşəmliyinin bariz nümunəsidir. Ədibə xanım hərtərəfli mükəmməl və çox maraqlı insandır. O, bütün ciddiyyəti ilə bərabər, həm də incə və həlim yumor hissinə malik həssas ruhlu nəcib insandır. Düşünürəm ki, ailəsinə, elinə-obasına, nəsil-nəcabətinə şərəf gətirən, fərəh yaşadan, pasiban olan, geniş və çoxşaxəli elmi fəaliyyətə imza atan Ədibə xanım kimi intellektual səviyyəli mükəmməl insanlara görə bu dünya gözəldir və yaşamağa dəyər.

Ədibə xanımın uzun illərdir Azərbaycanın sanballı və qocaman elm ocaqlarından olan Bakı Dövlət Universitetində rəhbərlik etdiyi ayrı-ayrı kafedralardakı bütün əməkdaşlarının əmək fəaliyyətinə, onların ayrı-ayrılıqda elmi işlərinə göstərdiyi xüsusi diqqətcilliyindən dastan yaratmaq olar. Təəssüf ki, gördüklərimin və demək istədiklərimin hamısını bir məqalədə işıqlandıra bilmirəm. Lakin insanı təəccübləndirən danılmaz məqamları öz qəlb süzgəcimdən bacardığım qədər keçirib, Nazim Hikmət demiş, ön və son sözə yer vermədən, qəlbimdə iftixar və minnətdarlıq duyğusu ilə öz düşüncələrimi qələmimə pıçıldayıram. Ədibə xanımın zəngin elmi-nəzəri və pedaqoji metodik monoqrafiyaları, Azərbaycan bölmələri üzrə ali və orta məktəblər üçün rus dili dərsliklərinin müəllifi və həmmüəllifi olduğu dərs vəsaitləri, redaktorluq etdiyi çox sayda elmi məqalələri, tezisləri çap olunaraq tələbələrin ixtiyarına verilib.

Öz xalqına, vətəninə bağlı, sevərək və sevilərək yaşayan, pedaqoji fəaliyyətində milli-əxlaqi dəyərlərə böyük ziyalı etikası ilə yanaşan, sabahın qurucuları olan gənclərimizin savadlı və vətənpərvərlik ruhunda yetişməsində əməyini əsirgəməyən, onların gələcək həyat və fəaliyyətlərinə belə biganə olmayan Ədibə xanım kimi insandan nə yazıramsa-yazım, nə deyirəmsə-deyim, tam ürəyimcə olmur. Çünki nurlu üzünə çox yaraşan gözəl təbəssümlü, həqiqətən bu möhtəşəm insan barədə bir məqalə dənizdən götürülən damlaya bənzəyir. Ümumiyyətlə, bu böyük ürəkli xanımın insanlara münasibətindəki ülvilik, dərin nəzakət və həssaslıq da ayrıca çox geniş bir yazının mövzusudur.

Onu da qeyd etmək yerinə düşər ki, Ədibə xanım sevdiyi işlə məşğul olan mahir pedaqoq, dərin düşüncəli qayğıkeş və müdrik insan olaraq özünün xüsusi rəhbərlik metodu olan, yazıb-yaratmaqdan zövq alan, ətrafına da bunları aşılayaraq, onların uğurlarına öz uğuru kimi sevinən, fəxarət hissi yaşayan, rəhbərlik etdiyi bütün kafedraların əməkdaşları ilə münasibətdə təmkinini heç vaxt pozmayan, obyektivliyini qoruyan, örnək və qədirbilən elm adamıdır. Bu yerdə Cəlil Məmmədquluzadənin bir fikri yadıma düşdü: “Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi naminə xidmət göstərməkdir”. Bu gün bu fikri bütövlüklə qələmi daim əlində olan, hərtərəfli yüksək intellektə malik Ədibə xanım Paşayevaya şamil etmək yerinə düşər. Çünki o, saf əqidəli vətəndaş, zəngin insani keyfiyyətlərə malik zəhmətkeş pedaqoq, eləcə də sonsuz etibarı və istiqanlılığı ilə ürəklərdə xüsusi yeri olan möhtəşəm və aydın insandır.

Professor Ədibə xanım Paşayeva hər zaman sevincimizə sevinən, dar günümüzdə imdadımıza çatan, “keçmə namərd körpüsündən, qoy aparsın sel səni” deyə bilən mərd insanlardandır. Bir sözlə, O, xoşbəxtlik, nikbinlik, ülvilik və sədaqətlilik carçısıdır. Bu əsl Allah adamını, yüksək intellektual səviyyəli alimi yaxından tanıyan və ya onunla tək bircə yol ünsiyyətdə olan hər kəs bu fikirdədir ki, “ot öz kökü üstə bitər”.

Onun elm, təhsil sahəsindəki uğurları və səmərəli fəaliyyəti dövlət başçısı tərəfindən də yüksək qiymətləndirilmiş,  Ədibə xanım 2000-ci ildə “Tərəqqi” medalı, 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” və “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüşdür. Ölkə başçısı tərəfindən Ədibə xanımın bu adlara layiq görülməsi hər birimizin böyük sevincinə səbəb olmuşdur.

Yaxşılıq etməkdən zövq alan, həqiqətən yaxşıların yaxşısı olan Ədibə xanımın adının önünə ən dəyərli sözləri yazmaq mümkündür:  fədakar Azərbaycan müəllimi, böyük ziyalı, sözün tam mənasında peşəsinin fədaisi... Onun cəmiyyətdəki hadisələrə düzgün mövqeyini və düşüncə zənginliyini illərdir görən, böyük ürəyinə bələd olan və onu çox sevən biri kimi qələmə aldığım bu yazı ilə bütün həmkarlarımız adından Ədibə xanımı ad günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Sona ÇƏRKƏZ,

yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

BDU-nun baş müəllimi,“Qızıl qələm” media mükafatçısı.