Mahir kəşfiyyatçı
Sosial həyat

Mahir kəşfiyyatçı

Söhbət 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Pəncəli Teymurovdan gedir

Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnir və hərbi hissənin ən mahir kəşfiyyatçısı olur. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirir və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edir.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girir və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında, çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənir.

O, kəşfiyyatçı kimi daim düşmən cəbhəsinin arxasında xidmət göstərir. Bu xidmətlərdən biri də 2015-ci ildə olur... Pəncəli Kəlbəcərdə kəşfiyyat dəstəsi ilə birlikdə gizli tapşırığı həyata keçirməli, düşmənin hərbi texnikasını məhv etməli idi. Bu məqsədlə meşənin içərisində gizlənərək, gecənin düşməyini gözləyir. O qədər ehtiyatla hərəkət edirlər ki, hətta gecənin səssizliyində belə onların hənirtiləri diqqət çəkmir. Tapşırıq üzrə düşmənin hərbi texnikasına əvvəlcədən hazırladıqları patlayıcı maddələri yerləşdirirlər. Bu tapşırığın ən çətin tərəfi güllə atmadan, heç kimə görünmədən həyata keçməli idi. Məhz bu çətinliyi nəzərə alan komandan heyəti bu işi Pəncəliyə tapşırır.

Pəncəli tapşırığın birinci mərhələsini həyata keçirib, arxaya meşəyə çəkilir. Bundan sonra səhərə qədər gözləmək qalır. Dan yeri təzəcə sökülürdü ki, səhərin sükutunu böyük gurultu pozur. Qığılcımlar ətrafa yayılır. Pəncəli Teymurov isə olanları uzaqdan müşahidə edir. Ancaq arxayın olmaq olmazdı. Hələ görüləcək işlər qabaqda idi. Vaxt itirmədən geriyə, hərbi hissəyə qayıdır. Bu partlayışın səsi-sorağı uzun müddət davam edir. Ermənistan Silahlı Qüvvələrində böyük çaxnaşma yaranır. Məlumatlara görə, Pəncəlinin peşəkarlığı nəticəsində düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilir. Pəncəlinin bu uğuru qarşı tərəfin böyük qəzəbinə səbəb olur. Pəncəli  daha sonra 4 erməni zabitin və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv edir.

Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına bir milyard erməni dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər. Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır. O, düşmənin qorxulu röyasına çevrilir. 1992-ci ildə baş vermiş Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçisi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. Göstərdiyi yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq ölkə Prezidentinin sərəncamları ilə "İgidliyə görə" və Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.

Pəncəli 2013-cü il avqust ayında ailə həyatı qurur. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edir: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq-ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Pəncəli 2016-cı il aprelin 3-də qəhrəmancasına şəhid olur. Aprelin 11-i isə doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınır. Pəncəlinin ötən ilin aprelində xatirəsinə əbədiləşdirilmiş ev-muzeyinin qarşısında büstünün açılışı olub. Aprel döyüşlərinin qazisi Əliəhəd Mehdiyev: "Pəncəli Teymurovu tanıyan, onunla xidmət edən bir yoldaş kimi deyə bilərəm ki, bizim üçün o, xüsusi təyinatlıların əfsanəsi idi. Pəncəli Vətənə, torpağa bağlı idi. Qardaşımızın öz toyunda özünə şəhidlik arzulaması onu göstərir ki, o, böyük vətənpərvər, igid, mərd, qorxmaz biri idi" - deyə söyləyib.

Şəhid Pəncəli Teymurovun atası Nurməmməd Teymurov isə qeyd edib ki, Pəncəli kimi oğulların igidliyi sayəsində Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli və digər rayonlarımız işğaldan azad olundu: "Əsgərlərimizə, ordumuza və Ali Baş Komandana minnətdarlığımızı bildirirəm. Yaşasın Azərbaycan! Qarabağ bizimdir!", - deyən şəhid atası oğlu ilə qürur duyduğunu vurğulayıb. Anası Vahimə Teymurova: "Aprel şəhidləri 44 günlük Vətən müharibəsində qələbənin təməlini qoydular. Mən fəxr edirəm ki, Pəncəli kimi oğlum olub. Pəncəli kimi bir yox, bir neçə oğullarım olub. Onların hər biri ilə fəxr edirəm. Qürur duyuram. Sevinirəm ki, torpağımız düşməndən azad edildi. Bizim şəhidlərin qanı yerdə qalmadı" - deyə bildirib.

İllər, əsrlər ötəcək, ancaq Pəncəli kimi Vətən oğulları heç vaxt unudulmayacaq.

M.MİRZƏ,

"Respublika".