Maddi-mədəni irsimiz: İki sənətin daşıyıcısı
Siyasət

Maddi-mədəni irsimiz: İki sənətin daşıyıcısı

Azərbaycanın musiqi tarixində adı iftixarla çəkilən xanəndələrdən biri də Keçəçi oğlu Məhəmməddir. 1864-cü ildə Şuşa şəhərində anadan olub. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə - keçəçilik sənətinə yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur imiş. Bununla yanaşı, həm də nadir səs sahiblərindən biri idi. Elə bu istedadına görə Bakının mədəni həyatı onu cəlb edir və şəhər mühitinə qədəm qoyur. Qarabağ məktəbinin digər nümayəndələri kimi o da öz yaradıcılığında muğam sənətini inkişaf etdirməyə başlayır. Repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tutur. 1926-cı ildə Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında işə başlayıb Azərbaycan muğamlarını tədris edir. Bir çox məşhur xanəndələrin yetişməsində böyük əməyi olur.

Məqsədimiz heç də məşhur xanəndənin musiqi aləminə verdiyi töhfələrdən söz açmaq deyil. Bizə maraqlı görünən onun ömrünün axırına kimi ilkin sənəti - keçəçiliyi özünə təxəllüs kimi götürüb bu adı iftixarla daşımasıdır. Ustad xanəndə bu sənətə el arasında deyildiyi kimi, belə yüksək mehr-məhəbbət göstərirdisə, deməli, keçəçiliyin tarixinə nəzər salmaq yerinə düşər.

Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200-1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin "İliada" əsərində rast gəlindiyi məlum olur. Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdılar. Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında da dəqiq məlumat yoxdur. Aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb. Amma ehtimal edirlər ki, keçənin hazırlanması heyvanların əhliləşdirilməsi qədər qədimdir. Keçəçilik sənətinin təşəkkül tapmasında maldarlığın rolu xüsusi qeyd olunur. Araşdırmalar göstərir ki, qədim dövrlərdə soyuq vaxtlarda insanlar isti olsun deyə adi yunu və ya yunlu dərini altlarına salıb üzərində oturardılar. Bu zaman yunun bir-birinə yapışdığını görüb keçə əldə etməyi öyrənmişlər. Mənbələrə əsaslananlar qeyd edirlər ki, Midiyada yaşayan əhali başlarına uzun keçə papaq - "tiarı" qoyurdular. Ola bilsin ki, həmin dövrdə keçədən digər geyim dəstləri də hazırlanıb. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı e.ə. IV-III əsrlərə aid bir neçə tunc möhür tapılıb. Həmin möhürlərin üzərində olan insan rəsmlərindəki geyim nisbətən gödək keçə yapıncını xatırladır. Xüsusilə, əlində çomaq, başında şiş papaq və gödək yapıncısı olan təsvir daha xarakterikdir. Keçəçilik Azərbaycanda kustar sənətkarlığın mühüm bir sahəsinə çevrilmişdir. Bu sahə dağ və dağətəyi ərazilərdə daha çox inkişaf etmişdir. Bu da belə yerlərdə qoyunçuluğun əsas məşğuliyyət sahəsi olması, keçəçiliyin inkişafına təkan verdiyini göstərir. Azərbaycan xalqının məişətində keçədən istifadə geniş yer tutmuşdur. Keçə məmulatlarından müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Əhali keçədən döşənəcək, at üçün tərlik, baş geyimi, yapınçı, ən əsası alaçıqların üstünü örtmək üçün istifadə etmişlər. Qədim xalq sənəti olan keçəçilik təkcə Azərbaycan üçün deyil, bütün türk dünyasına xas olmuşdur. Müəyyən tarixi mərhələdə alaçıqları keçəsiz təsəvvür etmək mümkün deyildi. Yaylaqda yaşayış evlərinin hansı etnosa aid olması (türk, kürd, ləzgi) uzaqdan bəlli olurdu. Belə ki, azərbaycanlılara məxsus olan alaçıqlar keçə ilə örtülmüş və bir-birindən fərqlənərək iki cür olmaqla alaçıq və dəyə adlanırdı. Yaylaqdakı çadırların nəinki hər hansı bir etnosa, hətta hansı tayfaya məxsusluğunu da çadırların formasından və rəngindən təyin etmək mümkün idi.

Keçəni salana keçəçi, həllac, həm də atıcı deyərdilər. Atıcılıq alətini düzəltmək üçün 8-9 metr qoyun bağırsağını (acı bağırsaq) bir neçə qat bir yerdə eşib yay üçün kiriş düzəldilirdi. Acı bağırsaq quruyandan sonra qatıq və ya süddə yumşaldılırdı. Yay kirişinin uzunluğu bir metrdən artıq olur. Kiriş ağacdan düzəldilmiş yaya bağlanır. Atıcının yay kirişini vurmaq üçün 3-4 kiloqram ağırlığında toxmağı olur. Atıcı toxmağını yay kirişinə vurduqda kiriş yunu didir. Keçə salmaq üçün "güzəm" yunundan istifadə edilirdi. Keçəçi ustaların söylədiyinə görə, yaz yunundan (saçaqlı) keçə salmaq olmaz. Ona görə ki, saçaqlı yun uzun olduğu üçün bitmir, yəni bir-birinə yapışmır. 7-8 qoyun yunundan bir keçə (yəni bir qəlib) hazırlanır. Alaçığın üstünü örtmək üçün bir neçə qəlibi bir-birinə tikirdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş, yanlarını örtmək üçün yan, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər. Bu da alaçığın ölçüsündən asılı olaraq hazırlanırdı.

Keçə hazırlanarkən həllaclar çalışırdılar ki, xüsusən qara yundan istifadə etsinlər. Keçə qara olduqda həm gec kirlənir, həm də qara keçədə hava keçirməmək xüsusiyyəti olduğu üçün soyuq havalarda alaçığın isti, yayda sərin olmasına imkan verir. Məişətdə keçədən döşəmə kimi də geniş istifadə edilmişdir.

Həllaclar bəzən keçələrin ortasına naxış da salırdılar. Bunun üçün müəyyən rəngə boyadılmış ipi keçənin üzərinə qoyub toxmaqla döyərdilər. Belə olduqda ip keçənin üzərinə həkk olunurdu. Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olurdu. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, narıncı rənglərə boyanmış bəzəkli keçələr də hazırlanırdı. Belə keçələrə nəmənd deyərdilər.

Keçəçilik böyük gəlir gətirən sahədir. Xüsusən müasir dövrdə, turizmin inkişaf etdiyi bir vaxtda keçədən düzəldilmiş bəzəkli məişət əşyaları, baş geyimləri, gödəkcələr diqqəti daha çox cəlb edir. Göründüyü kimi, həm ustad xanəndəliyi, həm də keçəçiliyi - iki sənəti bir ünvanda - öz adında birləşdirən Keçəçi oğlu Məhəmmədin bu çətin, lakin məşhur xalq sənətinə göstərdiyi hörmət-ehtiram, qədir-qiymət heç də təsadüfi deyildi.

Tofiq HÜSEYN,

"Respublika".