Macarıstan Azərbaycanın yaxın dostu, strateji tərəfdaşıdır
MÜSAHİBƏLƏR

Macarıstan Azərbaycanın yaxın dostu, strateji tərəfdaşıdır

Avropa İttifaqında etibarlı tərəfdaş olmaqla Macarıstan Azərbaycanın yaxın dostu, strateji müttəfiqidir. Hər iki ölkənin qanunverici orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. İkitərəfli münasibətlərlə paralel olaraq BMT, ATƏT, Avropa İttifaqı, Vışeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığımız davam edir.

Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Macarıstan dünyanın 57-ci ölkəsi olmaqla ən böyük ixracatçı dövlətlər arasında 34-cü yeri tutur. Əhalisinin sayı 10 milyon olan ölkə üçün bu göstəricilər kifayət qədər yüksək hesab olunur. Macarıstanda sənaye və informasiya-kommunikasiya texnologiyaları, turizm, elm və digər sahələr yaxşı inkişaf etmişdir. Bu ölkə Azərbaycanla energetika sahəsində əməkdaşlığa xüsusi üstünlük verir və Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Eyni zamanda nəqliyyat-logistika sahələrində əməkdaşlıq inkişaf etdirilir və hər iki ölkənin nəqliyyat strukturları arasında Anlaşma Memorandumu imzalanmışdır. Macarıstan şirkətləri Azərbaycana, Azərbaycan iş adamları isə Macarıstana sərmayə yatırırlar. Hər il 200 azərbaycanlı tələbənin Macarıstanda təhsil alması üçün bu ölkə maliyyə vəsaiti ayırır.

Azərbaycan Dillər Universitetində macar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. İşğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi üçün Macarıstan hökuməti 25 min avro ianə ayırmışdır.

Prezident İlham Əliyev bu il yanvar ayının sonunda Macarıstan Prezidenti Katalin Novakın dəvətilə 4-cü dəfə bu ölkəyə səfər etdi. Prezident İlham Əliyev və baş nazir Viktor Orban tərəfindən Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsi haqqında Birgə Bəyannamə imzalandı. Mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu şəhər rəhbərləri tərəfindən təsdiqləndi. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Miqrasiya Xidməti ilə Macarıstanın analoji strukturları arasında Anlaşma Memorandumlarının imzalanması ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi deməkdir. Sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuat qarşısında bəyanatlarla çıxış etdilər və iki ölkə arasında formalaşmış əməkdaşlığın müxtəlif aspektlərinə aydınlıq gətirdilər. Liderlərin bəyanatlarında əsas diqqətçəkən məqam Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rol oynaması və etibarlı tərəfdaş adlandırılmasıdır.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.