Londonda Azərbaycan - Birləşmiş Krallıq diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub
Siyasət

Londonda Azərbaycan - Birləşmiş Krallıq diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin 30 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq aprelin 7-də Azərbaycanın Londondakı səfirliyində Mühafizəkarlar Partiyasına bağlı Xarici Siyasət Məsələləri Şurasının üzvlərinin iştirakı ilə tədbir keçirilib. "Azərbaycan-Birləşmiş Krallıq: diplomatik münasibətlərin 30 illiyinin və möhkəm əməkdaşlığın qeyd edilməsi" başlığı altında keçirilən tədbirdə adıçəkilən Şuranın rəhbərliyi və 40-a yaxın üzvü, səfir Elin Süleymanov və Şuranın himayədarlarından olan, Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson çıxış ediblər.

Səfir Elin Süleymanov səfirlik və Şura arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkələrimiz arasında son 30 il ərzində təsis edilən çoxşaxəli və dinamik əməkdaşlığı daha da dərinləşdirmək əzmini ifadə edib. Azərbaycan və Birləşmiş Krallıq arasında enerji əməkdaşlığı başda olmaqla beynəlxalq təhlükəsizlik, iqtisadi-ticarət, humanitar-təhsil sahələrində faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu diqqətə çatdıraraq, hər iki ölkənin xüsusilə enerji sahəsində səmərəli əməkdaşlığının regionun enerji mənzərəsini dəyişdiyini vurğulayıb.

Baronessa Nikolson mart ayında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycana faydalı səfərini qeyd edərək, son 30 ildə ölkələrimiz arasında sağlam, sarsılmaz və möhkəm tərəfdaşlığın qurulduğunu qeyd edib. O, Azərbaycanın beynəlxalq rolunun artmasında və Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin möhkəmlənməsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Azərbaycan və Birləşmiş Krallıq münasibətlərinin özünün sabitliyi ilə fərqləndiyini, ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış enerji layihələrinin əhəmiyyətinin daha da artdığını bildirib. Yeni qurulmuş Azərbaycan-Britaniya Ticarət Palatasının ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsində rol oynayacağını nəzərə çatdırıb.

O, hazırda Ukraynadakı vəziyyətin yaratdığı yeni şəraitdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin artdığını nəzərə çatdırıb. Baronessa Nikolson Azərbaycanın dostu olduğunu və ölkəmizin zəngin mədəni irsinə və incəsənətinə olan heyranlığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışların ardınca Şura üzvlərinin Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli əməkdaşlıq, iqtisadi imkanlar, təhsil, regional məsələlər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanları ilə bağlı sualları cavablandırılıb. Mühafizəkarlar Partiyasına bağlı olan Xarici Siyasət Məsələləri Şurası beynəlxalq və xarici siyasət məsələlərinə maraq göstərən mühafizəkarları bir araya gətirən platforma kimi fəaliyyət göstərir. Şuranın Himayədarlar Şurasında Mühafizəkarlar Partiyasının sabiq nüfuzlu nümayəndələri, o cümlədən Baş nazirlər, xarici işlər nazirləri və tanınmış siyasi xadimlər təmsil olunurlar.

AZƏRTAC