«LEYLİ VƏ MƏCNUN» RƏSSAMLARIN YARADICILIĞINDA
Mədəniyyət

«LEYLİ VƏ MƏCNUN» RƏSSAMLARIN YARADICILIĞINDA

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun yaradıcılıq yolu bütün Azərbaycan musiqisi və səhnə sənətinin salnaməsidir.  Daһi bəstəkar Azərbaycan milli operasının banisi olmaqla yanaşı, musiqi nəzəriyyəsi, publisistika və digər sahələrdə də qələmini sınamış, daim hadisələr burulğanında, ədəbi ictimaiyyət arasında olmuşdur.

 Üzeyir bəy xalqımızın milli-mədəni irsinin yüksəlməsi və tanınması uğrunda var qüvvəsi ilə çalışmış, özünün dünyaşöhrətli əsərlərində də məhz milli adət-ənənələrimizi ön plana çəkmişdir.

 Dövrün, zamanın nəbzini hassaslıqla duya, xalqın daxili tələblərini hiss edə və bu tələblərə musiqidə uyğun janrlar, formalar tapa bilən böyük sənətkar ilk musiqi əsəri yazmaq fikrinə düşdükdə daxilən  hiss edirdi ki, bu mərhələdə xalqını müasir musiqi sənətinə cəlb etmək üçün məhz opera kimi demokratik bir janra müraciət etməlidir. Xalq məhz belə bir sintetik janrı qavramaq və qəbul etmək üçün hazır idi. Çünki əsrlərdən bəri müxtəlif mərasim tamaşaları, ilin mövsümlərinin dəyişməsi ilə əlaqədar olan şənliklər, oyunlar xalq arasında həmişə musiqiylə müşayiət edilərdi. Belə mərasim tamaşalarından birinin Azərbaycan operasının yaranmasında əsas amillərdən olması haqda Ü.Hacıbəyov  özü belə yazırdı: «…1907-ci sənədən bəri Azərbaycan türkləri arasında opera əmələ gəlməsinin birinci amillərindən birisinin «şəbeh» olduğu şübhəsizdir…».

1908-ci il yanvarın əvvəllərində Bakının müxtəlif yerlərində qəribə afişalara rast gəlmək olurdu. Bu afişalarda şənbə günü, yanvarın 12-də,  H.Z.Tağıyev teatrında ilk dəfə müsəlman səhnəsində «Nicat» cəmiyyətinin opera artistləri tərəfindən hazırlanmış 5 pərdə 6 şəkilli «Leyli və Məcnun» operasının göstərilməsi haqda xəbər verilirdi.

Qeyd edildiyi kimi, Üzeyir Hacıbəyov «Leyli və Məcnun» operasının librettosunu XVI əsrin böyük şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazmışdı. Bir neçə mütəfəkkirin bu mövzuya müraciət etməsinə baxmayaraq, Üzeyir bəy məhz Füzuli poemasına əsaslanmışdır. Buna səbəb Füzuli poemasının həm doğma Azərbaycan dilində yazılması, həm də şairin qəzəllərinin əsrlər boyu özünün axıcılığı, musiqililiyilə xalq arasında məşhur olması idi. Azərbaycan xanəndələri isə illər boyu muğamları oxuyarkən ilk növbədə  Füzuli qəzəllərinə müraciət etmişlər.

Bəşər tarixində ədəbi mövzu olan yüksək, ülvi məhəbbət mövzusunu tərənnüm edən «Leyli və Məcnun» əfsanəsinin tarixi çox qədimdir. Bu mövzu demək olar ki, incəsənət sahəsinin bütün janrlarında öz əksini tapmışdır. Bu mövzuya ən çox rast gəlinən sahə isə əlbəttə ki, rəssamlıqdır.

Bizim muzeyin ekspozisiya zallarına baxdıqda diqqətinizi bir eksponat cəlb edəcək. Rəssam Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov tərəfindən hazırlanmış «İki dahi» adlanan bu triptixdə XIV əsrin dahisi Füzuli ilə yanaşı, XX əsrin dahisi Üzeyir Hacıbəyov və onları birləşdirən «Leyli və Məcnun» operasından bir fraqment – “Məcnun Leylinin qəbri üstündə» dəmir üzərində döymələrlə  verilmişdir.

«Leyli və Məcnun» mövzusuna digər rəssamların da yaradıcılığında rast gəlmək mümkündür. Bunlardan Mikayıl Abdullayevi, Ənvər Almaszadəni, İzzət Seyidovanı, Bədurə Əfqanlını, Elçin Aslanovu, Hüseyn Hacıyevi və başqalarını göstərmək mümkündür.

 Ali təhsilli ilk azərbaycanlı qadın rəssam olan İzzət Seyidova öz yaradıcılıq fəaliyyətini  M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrı ilə bağlamış və bir neçə tamaşaya bədii tərtibat vermişdir. 1958-ci ildə bu teatrda Üzeyir bəyin «Leyli və Məcnun» operasının bədii tərtibatını da o verib.

Teatr rəssamı, qrafik Ənvər Almaszadə –1937-ci ildən rəssam kimi fəaliyyət göstərdiyi AOBT-da «Leyli və Məcnun» operasına tərtibat vermiş, geyim eskizləri hazırlamışdır. 1944-cü ildə Üzeyir bəyin yağlı boya ilə portretini yaratmış xalq rəssamı Mikayıl Abdullayev isə 1965 və 1994-cü illərdə AOBT-da tamaşaya qoyulmuş «Leyli və Məcnun» operasına bədii tərtibat vermişdir. İlk azərbaycanlı qadın teatr rəssamlarından biri olan Bədurə Əfqanlının bir sıra tamaşalar, o cümlədən Ü.Hacıbəyovun «Leyli və Məcnun» operası üçün çəkdiyi geyim eskizləri professionallığı ilə diqqəti cəlb edir.

Teatr rəssamı Rüstəm Mustafayev- 1931-ci ildə AOBT-da «Leyli və Məcnun» operasına çəkdiyi dekorasiyalar  yaradıcılığında xüsusi yer tutur.

Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi münasibətilə UNESCO-nun sifarişilə Üzeyir bəyin əsərlərinin Akademik nəşrə hazırlanmasında 1975-ci ildə İncəsənət İnstitutunun qrafika şöbəsini bitirmiş Hüseyn Hacıyevin də böyük əməyi olmuşdur. Belə ki, o, «Leyli və Məcnun» operasının partiturasını bərpa etmişdir.

30-cu illərdə rəssam Robergin «Leyli və Məcnun» operasının quruluşu üzərində çalışarkən, köhnə Ərəbistan quruluşunu realizm üsulu üzrə boyalı dekorlarla vermişdir.

Adlarını çəkdiyimiz bu rəssamlardan əlavə, rəssamlar, N.Nayxoviç, V.A.Naydışev, V.M.Kolodenkova və digərləri də tamaşanın təcəssüm tapmasında az əmək sərf etməmişlər.

Bəli, yarandığı ilk gündən Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan «Leyli və Məcnun» bir əsrədək vaxt keçməsinə baxmayaraq, əlbəttə ki, bundan sonra da opera səhnəsindən düşməyəcək və M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının şedevr tamaşası (əsəri) olaraq qalacaqdır. Bu isə o deməkdir ki, biz hələ neçə-neçə il bundan sonra da rəssamlarımızın böyük uğurlarının şahidi olacayıq.

Təranə HƏSƏNOVA,

Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi.