Leyla Abdullayeva:  Ermənistan XİN-in Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur
Siyasət

Leyla Abdullayeva:  Ermənistan XİN-in Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur

Xarici İşlər Naziliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin noyabrın 8-də Şuşa yaxınlığında baş verən insidentlə bağlı açıqlamasını şərh edib.

AZƏRTAC xəbər verir ki, L.Abdullayeva bildirib: "İlk növbədə, vurğulamaq istərdik ki, Ermənistan XİN-in Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur. Sözügedən insidentə gəldikdə, bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir.

Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya noyabrın 8-də Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, atətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə ki, ciddi suallar doğurur.

Həmçinin sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi və məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi heç bir məntiqə sığmır.

Eyni zamanda, Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir.

Bütün bunlar onu göstərir ki, Ermənistam tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə, bu, üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır".

AZƏRTAC