Leyla Abdullayeva: Ən təhlükəsiz nəqliyyat növündən istifadə edilərək azərbaycanlıların təxliyəsi həyata keçirilir
MÜSAHİBƏLƏR

Leyla Abdullayeva: Ən təhlükəsiz nəqliyyat növündən istifadə edilərək azərbaycanlıların təxliyəsi həyata keçirilir

Ukraynada yaranmış vəziyyətlə əlaqədar oradakı Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən - Moldova, Polşa, Slovakiya, Rumıniya və Macarıstan istiqamətlərində sərhədləri keçərək Ukraynanı tərk etmək imkanları var.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

XİN-in sözçüsü bildirib ki, vətəndaşların məhz bu istiqamətlərdən keçidi üçün müvafiq viza rejiminin tətbiqi müvəqqəti olaraq aradan qaldırılıb. Vətəndaşlar yalnız səyahət sənədlərini və pasportlarını təqdim edərək sərhədləri keçə bilirlər. Eyni zamanda, sərhədi keçən vətəndaşlardan COVID-19 vaksin pasportu və PCR testinin nəticəsi də məcburi tələb olunmur.

"Diplomatik nümayəndəliklər və fəxri konsulluqlar, ilk növbədə, Ukrayna hökuməti ilə əlaqə saxlayaraq ən təhlükəsiz marşrut və nəqliyyat növündən istifadə etməklə azərbaycanlıların təxliyəsini həyata keçirirlər", - deyə L.Abdullayeva əlavə edib.

AZƏRTAC