Lerik: Vijaker kəndində şəhid bulağı
Region

Lerik: Vijaker kəndində şəhid bulağı

Dağlar diyarı Lerik rayonunun Vıjaker kəndində hər dəfə İlham Sahib oğlu Şəfiyevin adı fəxrlə, qürurla çəkilir. Çünki o, Vətən, torpaq uğrunda canını fəda etmişdir. 20 yaşında Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olub, əbədiyyətə qovuşdu.

Doğma yurduna sonsuz məhəbbətin mücəssəməsinə dönən qəhrəman şəhidin qarşıdan 50 yaşı gəlir. Milyonların ürəyində yuva quran İlhamı vijakerlilər heç zaman unutmurlar. Kəndin dilbər guşəsində onun xatirəsinə bulaq kompleksi inşa edilibdir. Bulağın açılış mərasiminə minlərlə adam gəlmişdi. Mərasimdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Mərasimdə qeyd olundu ki, Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altındakı Vətən torpaqlarını azad etdi. Birinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının qisasını aldı. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət göstərdilər. Vətən torpaqlarının bölünməzliyi uğrunda canını qurban verən İlham kimi qəhrəman oğullar daim qəlblərdə yaşayacaq. Dağlar diyarında şəhidlərin həyatına, eləcə də döyüş yoluna həsr olunan tədbirlər mütəmadi olaraq keçirilir. Vətən uğrunda canını qurban verənlərin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim bir örnək olacaqdır.

Şəhidin qardaşı Nobətəli Şərifov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi, qardaşına ehtiram olaraq tədbirə qatılan hər kəsə ailəsi adından təşəkkür etdi.

Zəfər ORUCOĞLU.