Lerik rayonunun Noda kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Lerik rayonunun Noda kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Lerik rayonunun Noda kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Lerik Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Noda bələdiyyəsinin sədri Səlim Səfərovun dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat məbləğində dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərclədiyi, həmçinin həmin pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı törətdiyi müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC