Lənkəranın yanvar şəhidləri: AZADLIĞI İSTƏMİRƏM ZƏRRƏ-ZƏRRƏ...
Region

Lənkəranın yanvar şəhidləri: AZADLIĞI İSTƏMİRƏM ZƏRRƏ-ZƏRRƏ...

Qanlı Yanvarın sərt küləkləri Lənkəranın da başı üstündən əsdi. 1990-cı il yanvarın 26-da azadlıq mücahidlərini susdurmaq üçün sovet ordusunun desant qüvvələri Lənkərana daxil oldu. Bakıda törədilmiş qanlı faciənin təkrarlanmaması məqsədilə azadlıq hərəkatının fəalları rayonun Haftonu meşəliyinə çəkildilər. Təpədən dırnağa odlu silahlar, BTR-lər, tanklar və helikopterlərlə silahlanmış cəza dəstəsi qəfil hücuma keçdi. Yerdən, göydən od yağırdı. Alovsaçan silahların səsi, vahiməsi müharibəni xatırladırdı.

Hərəkatın fəal üzvlərindən olan Şahin Məmmədov texniki peşə məktəbində oxuyurdu. İki bacının tək qardaşı idi. Qəlbində sonsuz arzuları vardı. Ən böyük arzusu Azərbaycanı azad, müstəqil görmək idi. Cəbhə dostu Rövşən Bədəlov avtomobil məktəbində işləyirdi. Subay idi. İdmanı çox sevirdi. Motosiklet yarışlarında idman ustalığına namizəd dərəcəsini qazanmışdı. Minsk şəhərində keçiriləcək çempionata hazırlaşırdı. Sovet ordusunun desant dəstəsi ilə Haftonu yolunda üz-üzə gəldilər. Hər ikisini xüsusi amansızlıqla qətlə yetirib getdikləri motosikleti yandırdılar.

Vaqif Məmmədov isə tikintidə fəhlə işləyirdi. Evli idi. Üçüncü-sonbeşik övladı bir ay əvvəl dünyaya gəlmişdi. Rahim Məmmədovun cəmi 21 yaşı var idi. Lənkəran şəhərindəki 34 nömrəli texniki peşə məktəbini bitirib avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Hər iki gənc Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizədə ön sıralarda gedirdi. Odlu silahlardan açılan atəş nəticəsində şəhid oldular.

Həmin gün Lənkəran 6 şəhid verdi. Salman Baxşiyev yaşca onlardan böyük idi. Dörd uşağını, ailəsini halal zəhmətlə dolandırırdı. MTS-də çilingər işləyirdi. Oğlu, Astara rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Faiq Baxşiyev  o dəhşətli günü belə xatırlayır:

- Onda cəmi 7 yaşım var idi. Atam bütün varlığı ilə Vətənə, torpağa bağlı vətənpərvər insan idi. Heç yadımdan çıxmır. 20 Yanvar faciəsi baş verəndə milləti nahaqdan qırdılar, -deyib evdə hönkür-hönkür ağladı. O günlər heç yerdə qərar tuta bilmirdi.

Vəziyyət son dərəcə ağır idi. Sovet ordusunun cəza dəstəsi Lənkəran üçün xüsusi plan hazırlamışdı. Hər gün nəsə baş verəcəyi gözlənilirdi. Yanvarın 26-da atam, əmim Əliqismət və bibim oğlu Hicran azadlıq hərəkatının fəal üzvləri ilə asayişi qorumaq məqsədilə şəhərdən çıxaraq 10 kilometr uzaqda yerləşən Haftonu meşəliyinə çəkildilər. Atam desantçılar tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Əmim və bibim oğlunu tutub Rusiyanın Ulyanovsk şəhərinə apardılar. Yolda və həbsxanada onlara çoxlu işgəncələr veriblər. Müvafiq orqanların təkidi ilə 40 gündən sonra onları azadlığa buraxdılar. O faciəli tarixi ailəmiz həmişə kədərlə, həm də qürurla xatırlayır.

Azadlıq mücahidlərindən olan Tariyel Abdullayev Lənkəran cihazqayırma zavodunda işləyirdi. Azadlıq hərəkatının fəal üzvlərindən idi. Lənkərandan Xocavənd rayonunun Muğanlı kəndinə tez-tez yardım aparır, soydaşlarımıza arxa-dayaq olurdu. Qardaşı Mais Abdullayev danışır ki, Tariyeli iş yerindən Bakıya bir aylıq kursa göndərmişdilər. Lənkəranda vəziyyətin gərgin olduğunu eşidib geri qayıtmışdı. Yanvarın 26-da atışma zamanı Tariyeli və 40 nəfərdən çox azadlıq hərəkatının fəalını desantçılar tutub Lənkəran şəhərindəki hərbi hissəyə gətiriblər. Burada onları möhkəm döyüb ağır işgəncələr veriblər. Hadisə şahidlərinin dediyinə görə Tariyel Abdullayev onların suallarına çox sərt şəkildə cavab verir, Vətənin azadlığı yolunda canımızı qurban verməyə hazırıq, - deyirdi.

Desantçılar azadlıq mücahidlərinin qollarını bağlayıb döyə-döyə helikopterə mindiriblər. Tariyelin qollarını da arxadan bağlayıb məftili boğazına keçiriblər. Yolda işgəncə ilə boğub xüsusi amansızlıqla qətlə yetiriblər. Bakıya çatanda cəsədini keçmiş Salyan kazarmasının həyətinə atıb gediblər. Bacısı Nəzakət Ağayeva deyir: “Ailəmiz həyəcan, təlaş içində idi. Hara müraciət edirdiksə, Tariyel haqqında məlumat ala bilmirdik. Qardaşlarım, qohumlar Bakı şəhərində xəstəxanaları, ölüxanaları gəzir, axtarışlar nəticəsiz qalırdı. Dörd gündən sonra qardaşımın şəhadət xəbərini verdilər. Hörmətli Şeyx Allahşükür Paşazadənin köməyilə cənazəni Təzəpir məscidinə gətirdilər. Yanvar ayının 31-də Tariyel Bakı şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Sevdiyi, könül verdiyi bir qız da var idi. Novruz bayramında nişan xonçası aparacaqdıq. Faciəli qətl arzularımızı yarımçıq qoydu. Tariyel ədəbiyyatı çox sevirdi. İstiqlal şairi Xəlil Rza Ulutürkün şeirlərini əzbər bilirdi. Şairin “Azadlıq” şeirindən bu misraları tez-tez deyərdi:

Azadlığı istəmirəm

Zərrə-zərrə, qram-qram.

Qolumdakı zəncirləri qıram gərək

Qıram! Qıram!

Beləcə,  1990-cı ilin yanvarın 26-da Qanlı Yanvarın Lənkəran səhifəsi yazıldı. Qədirbilən lənkəranlılar azadlıq mücahidlərini heç vaxt unutmurlar. Hər il faciənin ildönümü 26 Yanvar şəhidlərinin məzarları ziyarət olunur, ehsanlar verilir və əziz xatirələri böyük ehtiramla yad edilir.

                                                                                 Əlisəfa HƏSƏNOV,

                                                                                    “Respublika”.