Lazar Komanesku: Qlobal Bakı Forumu qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformadır
Digər xəbərlər

Lazar Komanesku: Qlobal Bakı Forumu qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformadır

Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan Baş katibi səmimiyyətlə salamlayıb, ona regional təşkilatın rəhbərliyinin həyata keçirilməsi kimi məsul vəzifədə uğurlar arzulayıb. O, Azərbaycanın QDİƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir, həmçinin QDİƏT-in Baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, postmünaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib.

Baş katib Lazar Komanesku Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət üçün təşəkkürünü bildirib. Forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Azərbaycanın QDİƏT-in fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edib.

Görüş zamanı tərəflər, eyni zamanda, gələn il 30 illiyini qeyd edəcək QDİƏT-in beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC