Layihələrin icrası başa çatdırılır
Sosial həyat

Layihələrin icrası başa çatdırılır

Ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də abadlıq-quruculuq işləri geniş vüsət alır. Şəhərdə icrası nəzərdə tutulan bütün layihələr əhalinin rahatlığına hesablanır. Sakinlərə problem yaradan bir sıra məsələlər cari ildə öz müsbət həllini tapmışdır. İlin ötən aylarında və hazırda sosial infrastruktur layihələr qısa müddətdə icra olunub sakinlərin ixtiyarına verilir. Şəhərin G.Şıxbalaoğlu, Ş.Şükürov, Vidadi, S.Ə.Şirvani, 1 May, T.Ələkbərov küçələrində, H.Əliyev prospektində abadlıq işləri başa çatdırılıb. Bura bordürlər düzülüb, səkilərə asfalt-beton örtüklər vurulub. Şəhidlər xiyabanından Xaqani küçəsinə qədər olan əraziyə - Heydər Əliyev prospektinin sağ hissəsinə 1500 kvadratmetr tamet tavalar döşənib.

21 nömrəli tam orta məktəb üçün 640 yerlik məktəb binasının tikintisi başa çatdırılıb, həyətyanı sahədə aparılan abadlıq işləri tamamlanıb. “Bağ evləri” yaşayış massivində 1176 yerlik məktəb binasının tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədilə aidiyyəti qurumlara müraciət olunmuşdur.

Şəhid ailələri və Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. “Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün 68 mənzilli yaşayış binası inşa olunub və həmin imtiyazlı vətəndaşların istifadəsinə verilib. Müasir tələblərə tam cavab verən yaşayış binasındakı otaqların 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanı üçotaqlıdır.

Şəhər üzrə əhali və qeyri-əhali abonentlərin dayanıqlı elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, son aylarda bir ədəd transformator yarımstansiyası qurulub, bir neçə yarımstansiyada cari və əsaslı təmir işləri görülüb, dayaqlar qurulub, müxtəlif gücdə xətlər çəkilib. Qaz təchizatını yaxşılaşdırmaq məqsədilə ötən dövr ərzində qaz şəbəkələrində təmir və yenidənqurma işləri görülüb. Şəhərin 13 küçəsində istismar müddəti başa çatmış 7045 metrlik qaz xətti yenisi ilə əvəz olunmuşdur.

Şəhər sakinlərini narahat edən əsas problemlərdən biri - kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb və bu işlər mərhələli şəkildə davam etdirilir. Proqramın icrası ilə əlaqədar bir sıra küçələrdə yeni kanalizasiya xətləri quraşdırılıb.

Çoxmənzilli 58 yaşayış binasının zirzəmisindən çirkab sular çəkilib, bu binalarda kanalizasiya xətləri yenilənib.

Əhalinin rahatlığı üçün nəzərdə tutulan bütün layihələrin icrası davam etdirilməkdədir.

T. YADULLAOĞLU,

“Respublika”.