Laçın yolundakı təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirilən aksiya xalqımızın legitim hüququdur
Digər xəbərlər

Laçın yolundakı təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirilən aksiya xalqımızın legitim hüququdur

Amma BMT-nin Əhali Fondu bu hüquqları nəzərə almadan qərəzli açıqlamalar verir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəalların və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiya davam edir. Aksiya iştirakçılarının tələbləri isə əksər beynəlxalq qurumların selektiv yanaşması səbəbindən hələ də yerinə yetirilmir. Özlərini "ədalət keşikçisi" adlandıran bir sıra təşkilatlar həmişə olduğu kimi, bu gün də əsassız iddialar irəli sürürlər. Təəssüf ki, sözügedən təşkilatların içində BMT-nin Əhali Fondu da yer alır.

Yanvarın 24-də BMT-nin Əhali Fondunun Laçın yolu və onun ətrafında hökm sürən mövcud vəziyyətlə bağlı yaydığı qərəzli bəyanat heç də reallığı əks etdirmir. BMT-nin Əhali Fondu Qarabağ ermənilərinə yan çıxaraq aksiyanı qınamağı üstün tutursa, burada ədalətdən, hüquqdan əsla söz gedə bilməz. Ermənistan tərəfi isə hər zaman olduğu kimi, öz üzərinə düşən öhdəliklərdən boyun qaçırmaqla məşğuldur. Ermənistan mediasında yayımlanan saxta informasiyalar BMT-nin Əhali Fondu kimi qurumu özünə inandırmağı bacarsa da azərbaycanlı ekofəalları öz fikrindən daşındırmağa nail olmadı. Ermənistanın yalanlarına uyan BMT-nin atdığı bu cür addımlar isə təşkilatın nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil. Ermənistanın illərdir hökm sürən təcavüzü nəticəsində öz evlərindən didərgin düşərək çadırlarda, atılmış qatar vaqonlarında, düşərgələrdə antisanitar mühitdə yaşamış, təhsil, səhiyyə və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin acınacaqlı taleyinə fikir bildirməyən BMT-nin Əhali Fondu bu gün hüquqlarımızın pozulmasını gözardı edir.

Bütün baş verənlər bir daha Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmədiyinin sübutudur. Belə ki, Bəyanatın 4-cü bəndinə müvafiq olaraq erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalı idilər. Amma məlum olduğu kimi, onlar buna əməl etmirlər. Həmçinin, Ermənistan Bəyanatın 6-cı bəndini pozaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edir, 9-cu bəndə zidd olaraq isə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədir. Bəyanatdan gələn öhdəliklərin hər birini yüksək səviyyədə yerinə yetirən Azərbaycan bunu qarşı tərəfdən də tələb edir.

BMT-nin Əhali Fonduna Azərbaycan XİN tərəfindən də layiqli cavab verilib: "BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq". XİN tərəfindən verilən açıqlamada Azərbaycanın BMT-nin Əhali Fondunun ölkəmizə qarşı qəbul etdiyi Bəyanatdan təəssüf hissi keçirdiyi vurğulanıb. XİN-in cavabında, həmçinin "Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur", - deyə  qeyd edilib.

Ermənilərin yaşadığı ərazilərimizdəki törətdiyi vəhşiliklərdən sonra təbii sərvətlərimizə göz dikməsi heç də təəccüb doğuran məsələ deyil. Mövcud vəziyyət və Azərbaycan ərazisində həyata keçirilən xoşagəlməz fəaliyyətlər ölkəmizin milli təhlükəsizliyinə qarşı yönəlmiş addımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məsələyə münasibət bildirmiş və qarşı tərəfin yaydığı əsassız və həqiqəti əks etdirməyən fəaliyyətlərə cavab olaraq onları bu şər əməllərdən çəkinməyə səsləmişdir: "Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır".

Xatırladaq ki, Azərbaycan hökuməti Ermənistandan fərqli olaraq erməni sakinlərinin vəziyyətini də nəzərə alır. Belə ki, ölkəmiz onların üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Əfsuslar olsun ki, Azərbaycanın qarşı tərəfə belə humanist yanaşmasına baxmayaraq, özünü ermənilərin "lideri" kimi təqdim edən Vardanyan qanunsuz fəaliyyətini hələ də davam etdirir. Ən utandırıcı fakt isə yerli əhalinin Ermənistan hökuməti tərəfindən sipər kimi istifadə edilməsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".