LAÇIN YOLUNDAKI AKSİYANIN ƏSAS TƏLƏBİ: EKOLOJİ TERRORA SON QOYULMALIDIR
Siyasət

LAÇIN YOLUNDAKI AKSİYANIN ƏSAS TƏLƏBİ: EKOLOJİ TERRORA SON QOYULMALIDIR

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə azərbaycanlıların dinc aksiyası ikinci həftədir ki, davam edir. Aksiya iştirakçıları "Ekoterrora son qoyulsun!", "Ekoloji cinayətlərə son qoyulsun!" kimi şüarlar səsləndirirlər. Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri mövcud vəziyyətlə bağlı monitorinq aparmaq üçün Azərbaycan mütəxəssislərinin əraziyə buraxılmamasına qarşı Rusiya sülhməramlılarının Laçın yolundakı postu yaxınlığında etiraz aksiyası keçirirlər. Səbəb - separatçılar tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarıdır.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə 2022-ci il dekabrın 3 və 7-də aparılmış danışıqların yekunlarına əsasən, müvafiq qurumların mütəxəssislərindən ibarət qrup dekabrın 10-dan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarı vəziyyəti, habelə bununla bağlı yaranan ekoloji və digər nəticələrilə əlaqədar ilkin monitorinqlərə başlamaq niyyətində idi. Faydalı qazıntı yataqlarının, o cümlədən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yatağının yoxlanılması, müxtəlif ərazilərdə monitorinqlərin aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, qrunt və yerüstü su mənbələrinə dəyə biləcək zərər və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Lakin mütəxəssislər Rusiya sülhməramlılarının müşayiəti ilə monitorinq zonasına gəlsə də, hər iki istiqamətdə separatçıların təxribatları ilə üzləşdilər.

Bəs ekoloji fəalların hərəkəti erməniləri niyə hiddətləndirdi? Əslində, ermənilərin Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin Laçın yolunda keçirdikləri aksiya ilə əlaqələndirdiyi iddia edilən bütün problemlər süni xarakter daşıyır. Amma onların hər zaman olduğu kimi, "ustalıqla" bütün dünyaya car çəkməsinin, "humanitar fəlakət"lə bağlı isteriyanın tarixi kökləri var.

Məlumdur ki,  Laçın yolu bu günə kimi ermənilər üçün strateji əhəmiyyət kəsb edir. Məhz bu yolun köməyi ilə onlar 1992-ci ildə həm Ermənistandan, həm də Laçından olan dəstələrini silahlandıraraq Kəlbəcəri və Azərbaycanın digər rayonlarını işğal edə bildilər. Bu, belə demək mümkündürsə, onların bədnam "miatsum"un yolu - Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi kimi iyrənc hərəkatının başlıca magistralıdır. Ona görə də ermənilər bu gün şou nümayiş etdirirlər ki, guya ekoloqların aksiyası ucbatından onları aclıq və başqa bəlalar gözləyir.

Azərbaycan ictimaiyyətinin etirazı ekoloji problemlərlə yanaşı, yolun qeyri-humanitar məqsədlər üçün istifadə olunmasına da yönəlib. Elə bu səbəbdəndir ki, indiki vəziyyət erməniləri bu qədər narahat edir. Laçın yolu ilə qeyri-humanitar məqsədlər üçün Azərbaycana qarşı silah gətirilir, bu yolboyu ölkəmizə məxsus təbii sərvətlər həyasızcasına xaricə daşınır, onların satışından əldə olunan gəlirlər hesabına isə layihələr maliyyələşdirilir.

Ancaq dünya birliyinə yaxşı bəllidir ki, Azərbaycan özünün beynəlxalq səviyyədə rəsmən tanınmış ərazisi hüdudlarında fəaliyyət göstərir və ona qarşı heç bir iddia ola bilməz. Ermənilər bəzi beynəlxalq təşkilatların hesabına Laçını Azərbaycanın nəzarətindən qoparmağa çalışırlar. Lakin bu cəhdlər uğursuzluğa məhkumdur. Bu, beynəlxalq hüquqla müəyyənləşdirilmiş Azərbaycan ərazisidir və heç bir missiya, nə BMT, nə də ATƏT Azərbaycan tərəfinin icazəsi olmadan hər hansı bir müşahidə fəaliyyəti həyata keçirmək hüququnda deyil.

Bunu həm rəsmi İrəvan, həm də Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarını qorxu altında saxlayan separatçılar da yaxşı bilir. Öz merkantil maraqlarını təmin etmək məqsədilə qanunsuz şəkildə Azərbaycanın Qarabağ ərazilərinə gəlmiş Vardanyan separatçıların, dünya erməni lobbisinin müəllif olduğu absurd tamaşasının yeni bir hissəsidir. Bu yaxınlarda "dövlət naziri" kimi qondarma bir statusa yiyələnmiş qaçaq milyarder Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edərək, narahat olduğunu bildirib. Bəs bu işbaz nədən narahatdır? Əlbəttə, ona görə ki, Azərbaycan tərəfinin yaydığı məlumat yerli ermənilərin narazı hissəsi arasında anlayışla qarşılana bilər. Bu isə nə onun, nə də digər separatçıların maraqlarına uyğundur. Məsələ burasındadır ki, Ruben Moskvadakı isti yerini, qazanc mənbələrini qoyub Qarabağa erməni millətindən olan insanların qeydinə qalmaq üçün gəlməyib. Qeyri-müəyyən yollarla böyük sərvətlər toplamış bu "iş adamı" ancaq və ancaq öz mənfəətini güdür, onu daha da artırmaq yollarını axtarır.

Vardanyan kimiləri sadə Qarabağ e

rmənilərinə nə verə bilər? Əlbəttə, onların "xoşbəxt ola biləcəyini" söyləmək çətindir. Varlığın tam qeyri-müəyyənliyi və ümidsizliyi, işin olmaması, yoxsulluq - gerçək mənzərə budur. Və ən əsası, ruh düşkünlüyü.

Dekabrın 22-də Rusiya prezidenti Vardanyanın Rusiya vətəndaşlığından məhrum edilməsi ilə bağlı vəsatətini təmin edib. Amma hamı başa düşür ki, milyarder bunu vətənpərvərlik və ya bir növ etiraz məqsədilə deyil, biznesini sanksiyalardan xilas etmək üçün edib. Rus vergi ödəyicilərinin hesabına yığılan kapitalı israf etməmək üçün ona "təmiz" pasport lazımdır. Bəli, Azərbaycanla Rusiya arasında viza rejimi yoxdur, lakin Vardanyan artıq Rusiya Federasiyasının vətəndaşı deyil.

Ruben Vardanyanın "yol xəritəsi" də Azərbaycan üçün sirr deyil. Bakıda onu göndərənlərin də, özünün də niyyəti, əsl siması bəllidir. Dünya da onun gerçəkdən kim olduğunu bilsə, onun və ətrafdakıların hiyləgər yalanlarına inanmasa yaxşıdır. Azərbaycan torpağını murdarlamağa son qoysa, həm onun, həm də erməni icması üçün daha məqsədəuyğun olar. Azərbaycanda heç kim şübhə etmir ki, Qarabağ da, orada yaşayan erməni icması da hər cür araik və rubendən qurtulub, rahat nəfəs alacaq, separatçıların yaratdığı qorxudan xilas olacaq və nəhayət, yalnız dövlətimizin təmin edə biləcəyi inkişaf yoluna çıxacaq. Erməni əhalisinin düşünmək qabiliyyətində olan hissəsi illər əvvəl hər şeyin əslində nədən ibarət olduğunu dərk edib. Onlar yaxşı bilirlər ki, illər ərzində apardıqları "mübarizə", hər şey əbəs idi. Azərbaycanlılar arasında gözəl, firavan və təhlükəsiz həyat tərzi mənasız və kosmopolit ideyalara qurban verildi. Xəstə təxəyyülün məhsulu olan "müstəqillik" isə utopiyadan başqa bir şey deyildi.

Vardanyan bu bölgənin sakini deyil, yeni olsa da, Qarabağ üçün tamamilə yad və pozucu bir elementdir, Ukraynadakı müharibəyə görə qərb sanksiyaları üzərinə tətbiq edilməmişdən əvvəl, istədiyi kimi və istədiyi yerdə yaşayırdı. Artıq bu əyləncəli həyat təbii ki, sona çatdı. İndi də özünə yeni "vəzifə" yazdırıb və Azərbaycanla danışıqlar aparmaq xəyalına düşüb. Lakin rəsmi Bakı heç bir Vardanyanı, istər "dövlət naziri", istərsə də başqa bir libasda olsun, tanımır, onunla danışıqlar apara biləcək legitim şəxs kimi ünsiyyət qurmaq niyyətində deyil. Vardanyan qeyri-qanuni olaraq ölkəmizin ərazisindədir və onun legitimlilik statusu ancaq və ancaq legitim hərbi hədəf çərçivəsi ilə müəyyən oluna bilər. Azərbaycan tərəfi hər zaman erməni millətindən olan vətəndaşları ilə danışmağa hazır olduğunu bildirib, lakin separatçılar sadə erməniləri bu prosesə yaxın buraxmırlar. Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Vardanyan kimilərilə danışmayacaq.

Emin QASIMOV,

"Respublika".