Laçın-Xankəndi yolundakı aksiya davam edir
Digər xəbərlər

Laçın-Xankəndi yolundakı aksiya davam edir

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı yönəlmiş etiraz aksiyası artıq 125 gündür davam edir. Hər zaman olduğu kimi, ekoaktivistlər bu səhəri də Azərbaycan Dövlət Himnini səsləndirərək açıblar. Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır.

Ekofəallar müxtəlif dillərdə şüarlar səsləndirir, dünya ictimaiyyətini ekoloji terrora son qoymağa, bu cür haqsızlıqlara qarşı mübarizə aparmağa çağırırlar. Fəallar və gənc könüllülərin aksiya zamanı səsləndirdikləri şüarlar arasında "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!" kimi çağırışlar da yer almışdır. Dinc yolla keçirilən aksiyanın iştirakçıların tələbləri yerinə yetirilənə qədər davam edəcəyi bildirilir. Ən vacib məqamlardan biri isə nümayişçilər tərəfindən əraziyə daxil olan avtomobillərin hərəkətinə heç bir maneə yaradılmamasıdır. Qeyd edək ki, Laçın-Xankəndi yolunda davam edən aksiyanın əsas məqsədi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin qarşısının alınmasıdır. Buradakı separatçıların Qarabağ üzərindən spekulyasiyaya çalışmaları da vəziyyəti xeyli gərginləşdirmişdir. Ermənistan mətbuatı etiraz aksiyası ilə bağlı saxta məlumatlar yaysa da, beynəlxalq hüquq çərçivəsində hərəkət edən dövlətimiz bu kimi dezinformasiyaların qarşısını uğurla almışdır. Belə ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunaraq qeyd etmişdir ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

Ölkəmiz tərəfindən qanunsuz istismarın qarşısının alınması istiqamətində bir sıra təşəbbüslər irəli sürülsə də, düşmənin xain xisləti buna imkan verməmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il fevralın 18-də baş tutmuş Münxen görüşündən sonra televiziya kanallarına müsahibəsində ərazilərdə sərhəd-buraxılış məntəqələrinin yaradılmasının vacibliyini vurğulamışdır. Sözügedən məntəqələrin Laçın yolunda da tətbiqinin zəruriliyi ölkə başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Xatırladaq ki, aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri tərəfindən keçirilir. Laçın-Xankəndi yolunda davam edən ekoloji aksiya təkcə ölkəmizin deyil, digər dövlətlərin də mətbuatında işıqlandırılmışdır. Belə ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan saytlarında Azərbaycanın haqlı etirazı öz əksini tapmışdır. 

Nəzrin ELDARQIZI,

"Respublika".