Laçın-Şuşa yolunda aksiya haqqın səsidir
Digər xəbərlər

Laçın-Şuşa yolunda aksiya haqqın səsidir

30 illik işğal dövründə də Azərbaycan torpaqlarında ekoloji terror törədilib. Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi qırıb, yandırıb, flora və faunamızı məhv ediblər. Bir sözlə, işğal müddətində Ermənistan "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə olan hər nə varsa, hamısına qənim kəsilib. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması nəticəsində Oxçuçayda çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır. Nəticədə Oxçuçayın suyu istifadəyə yararsız olub.

Hazırda da xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur.

Bununla əlaqədar dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına səfər etmək istəsələr də sülhməramlılar tərəfindən buna süni əngəl törədildi.

Separatçıların sərvətlərimizi talamasına, eləcə də ekologiyamıza qarşı həyata keçirdikləri terrora qarşı etiraz olaraq dekabrın 12-dən ekofəallarımız və QHT təmsilçilərimiz Laçın-Şuşa yolunda aksiyaya başlayıblar. İctimaiyyət nümayəndələrimiz Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər. Eyni zamanda dünya ictimaiyyətinin də diqqətini bu məsələyə biganə qalmamağa çağırırlar. Hələ dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin görünən odur ki, erməni separatçıları rus silahına güvənərək ərazidə qanunsuz əməllərini davam etdirməkdədir.

Buna etiraz olaraq Azərbaycan ictimaiyyəti öz ərazisində pozulan hüquqlarının bərpası uğrunda mübarizəyə qalxıb. Ekofəallar və QHT təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər.

"Ekoloji terrora son!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarlar səsləndirilir.

Eyni zamanda aksiya iştirakçıları bildirirlər ki, dinc erməni əhalisinə məxsus mülki, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdırlar. Artıq aksiya iştirakçıları telefon nömrələrini də internetdə yerləşdiriblər. Lakin neçə gündür ki, bununla bağlı ekofəallara müraciət edən olmayıb.

Heç bir əsaslı səbəb tapa bilməyən Ermənistan hakimiyyəti isə yenidən yalan və böhtan kampaniyasına başlayıb. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Çünki yolu Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri yox, Rusiya sülhməramlıları bağlayıblar. Ermənistan hökuməti Azərbaycanın əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. Lakin Azərbaycan cəmiyyəti, xüsusən gənclər Ermənistanın, Qarabağdakı separatçı rejimin törətdikləri əməllərə biganə qalmayacaqlarını ifadə etməklə bu ərazilərin qanuni sahibi olduqlarını və hər hansı təxribata, ekoloji və mina terroruna imkan verməyəcəklərini bəyan etməkdə davam edirlər.

"Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Şuşa-Laçın yolunda gecə-gündüz aksiya keçirmələri, aksiyaya hər gün yeni-yeni qrupların qoşulması, havaların soyuq olmasına baxmayaraq, aksiya iştirakçılarının mübarizə əhvali-ruhiyyəsi də buna əyani nümunədir.

Ermənilər bir şeyi anlamalıdırlar ki, bu, haqqın səsi olmaqla dinc etirazdır.

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.