Laçın:  Şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə əlaqədar qazma-partlayış işləri sürətlə aparılır
Siyasət

Laçın:  Şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə əlaqədar qazma-partlayış işləri sürətlə aparılır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə keyfiyyətlə icra olunur.

Uzunluğu 59 kilometr təşkil edən həmin yolların hər birinin eni 3-3,5 metr olmaqla 2 hərəkət zolaqlıdır. Layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir.

Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.

Tikinti-bərpa işləri "İnşaat Norma Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulacaq, tezliklə burada yaşayacaq əhalinin bura gələn qonaqların rahat gediş-gəlişi təmin olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 16-da təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq, qazma-partlayış işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

İnşası aparılan beynəlxalq hava limanında qazma işləri 26.512 milyon kubmetr, tökmə işləri isə 1.956 milyon kubmetr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73, tökmənin orta hündürlüyü isə 14 metrdir.

"İnşaat Norma Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihə üzrə 162,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində partlayış işləri, 859,8 min kubmetr qaya tipli süxurların mexanizmlə qazılması, 5,04 milyon kubmetr həcmində isə torpaq qazma işləri aparılıb.

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.

Qeyd olunub ki, Laçın Beynəlxalq Hava Limanından Laçın şəhərinə qədər olan məsafə 38.1 kilometr, Şuşa şəhərinə qədər olan məsafə 75 kilometr, Kəlbəcər şəhərinə isə 59,2 kilometr təşkil edəcək.

İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək turizm potensialının artırılmasına səbəb olacaq.

Mustafa KAMAL,

Respublika”.