Laçın iqtisadi inkişafda mühüm rol oynayacaq
Region

Laçın iqtisadi inkişafda mühüm rol oynayacaq

44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində qəti qələbə çalaraq öz şərəfli missiyasını yerinə yetirmiş oldu. Müzəffər ordumuz Vətən torpaqlarını, kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi bir-birinin ardınca qısa zaman kəsiyində düşmən tapdağından azad etdi. Şanlı zəfərimizdən sonra Azərbaycanın nüfuzu daha da artdı.

Bu gün müstəqil respublikamız tarixinin yaddaqalan günlərini yaşayır. Doğma şəhərimiz, dağvüqarlı Laçın artıq nəzarətimizdədir. Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin yurd həsrətinə son qoyuldu. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri 2020-ci il dekabrın 1-də Laçın rayonuna daxil oldu, bu il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bundan sonrakı dönəmdə isə Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində Zabux, Sus və digər kəndlərin dağılmış iqtisadiyyatı bərpa olunacaq, yeni yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq orada daimi yaşayacaqlar.

"Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü-Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar". Bu sözləri Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman bildirib. Dövlət başçısı bir daha əminliklə qeyd etdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində Ermənistandan və daha çox xaricdən - Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində reallaşdıracaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir, ərazilərə yeni nəfəs verilir. Müharibənin davam etdiyi günlərdə ölkə başçımız xarici və yerli media nümayəndələrinə verdiyi müsahibələrdə dəfələrlə bildirirdi ki, bütün o torpaqları biz cənnətə çevirəcəyik. Uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaqlar canlanacaq, oraya həyat qayıdacaq. Artıq otuz ildən sonra işğaldan təmizlənmiş rayonlarımızda bərpa-quruculuq işlərinə start verilib və ən qısa zamanda torpaqlarımızdan erməni vandalizminin izləri tamamilə silinəcəkdir.

Prezident İlham Əliyev azad olunan ərazilərimizdə aparılan bərpa, quruculuq işlərini nəzarətdə saxlayır və mütəmadi olaraq həmin yerlərə səfərlər edir, görülən işlərin gedişi ilə maraqlanır, yeni infrastruktur layihələrin təməlini qoyur. Belə səfərlər xalqımıza yeni müjdələrdən xəbər verir, həyata keçirilən yenidənqurma işləri isə ölkəmizin iqtisadi qüdrətinə dəlalət edir.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Bu səfərlər çərçivəsində atılan addımlar tarixi Zəfərimizin təqdimatı, Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir. 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz azad olunub, Azərbaycan öz suveren hüquqlarını və ədaləti bərpa edib. Erməni terroruna, vandalizminə məruz qalmış kənd və şəhərlərdə bərpa-quruculuq işləri həyata keçirilir, artıq Böyük Qayıdışın ilk mərhələsi başlayıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarında əbədi yaşamaq, qurub-yaratmaq üçün qayıdır. Otuz il torpaq həsrəti ilə yaşayan, tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunacağı, öz doğma yurd-yuvalarına qayıdacaqları günü hər zaman səbirsizliklə gözləyən soydaşlarımız, bütün Azərbaycan xalqı belə xoş müjdəli xəbərləri 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlət başçısı İlham Əliyevin dilindən eşidirdi.

Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Azad edilmiş bütün bölgələr kimi, Laçın rayonunun da iqtisadi, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.

Laçına səfəri çərçivəsində Prezident İlham Əliyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməsi, "Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" sərəncamların imzalanması bir daha göstərir ki, biz torpaqlarımızı müdafiə edir, quruculuq işləri aparırıq. Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də region üçün davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə öz layiqli töhfəsini verir.

Artıq Qarabağdan dünyaya hava qapısı açılıb, Füzuli Beynəlxalq Hava Limanından sonra, yaxın günlərdə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə bu mühüm hadisəni Şərqi Zəngəzur da yaşayacaq. Üçüncü hava limanı üçün məkanın Laçın rayonunun ərazisinin seçilməsi də təsadüfi deyil. Bu, həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Dövlətimizin beynəlxalq hava limanlarının tikintisinə və istifadəyə verilməsinə daha çox diqqət yetirməsi isə səbəbsiz deyil. Bu gün torpaqlarımız dağıntılardan xilas olub quruculuq mərhələsini yaşayır və tezliklə o yerlər turizm məkanına çevriləcəkdir. Yerli əhalinin və xarici qonaqların həmin ərazilərə gediş-gəlişinin asanlaşdırılması baxımından hava limanlarının əhəmiyyəti daha aydın görünür.

Sözsüz ki, Laçın rayonu da Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Müşfiq MİRZƏ,

"Respublika".