Laçın dəhlizinə alternativ yol sülhə doğru daha bir addımdır
Siyasət

Laçın dəhlizinə alternativ yol sülhə doğru daha bir addımdır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə tamamlama işlərinin son mərhələsidir. Azərbaycanın Laçın dəhlizinə alternativ olacaq yeni yolun inşasını aktiv şəkildə davam etdirməsinə baxmayaraq, Ermənistanın dövlət qurumları yeni yolun tikintisi ilə bağlı suallara konkret cavab verməkdən yayınır.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslim olmaq haqqında bəyanat imzalamağa məcbur oldu və qalib Azərbaycanın irəli sürdüyü şərtlər daxilində öz üzərinə öhdəliklər götürdü. Üçtərəfli Bəyanatın altıncı bəndində deyilir: "Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir". Üçtərəfli Bəyanatda Laçında yeni yolun 3 ilə çəkiləcəyi göstərilmişdi. Buna baxmayaraq, Azərbaycan tərəfi yolu qısa müddətdə istifadəyə verməyə hazırlaşır. Belə ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Ümumi uzunluğu 32 kilometr olan (bunun 10 kilometri Ermənistan ərazisində yerləşir) yol Laçın rayonunun 6 kəndini birləşdirəcək. Həkəri çayı üzərində 17 kilometr uzunluğunda olan körpü artıq tikilib. Yol bu ilin iyul ayına kimi istifadəyə verilməli idi. Son məlumata görə, bu il ərzində tikinti tam başa çatacaq. Hazırda tikintisi sürətlə davam etdirilən Laçın dəhlizinə alternativ olan bu yol iki hərəkət zolaqlı olacaq. Yol hazır olandan sonra Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingent həmin marşruta yerləşdiriləcək. Nəticədə Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək. Ekspertlər bildirirlər ki, imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət məqsədi daşıyır.

Tarixi əhəmiyyət kəsb edən Bəyanatda Laçın dəhlizi barədə maddənin bizim xeyrimizə dəyişdirilərək təsbit olunması Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik məharəti, uzaqgörənliyi sayəsində mümkün olmuşdu. "Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirmişdir. Ölkə başçısı qeyd etmişdir ki, Bəyanatın ilkin versiyasında  Laçın dəhlizinin eninin 30 kilometr olması təklif olunurdu. "Buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir".

Qeyd edək ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişəcək. Ermənilər yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində qanunsuz müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək. Eyni zamanda, hazırda Zabuxda qanunsuz məskunlaşmış 50-dən çox erməni ailəsinin də oradan çıxarılması gözlənilir. Artıq Laçın şəhəri və Zabux  sakinləri köçməyə hazırlaşırlar. Bu barədə erməni mediası yazır: "Cümə günü onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verildiyi deyilib. Onlara yardım veriləcəyi bildirilib. Zabux sakinlərinə mənzil almaq üçün sertifikat verilməsi də nəzərdə tutulub, amma bunun üçün onlardan kənddəki "evlərə zərər vurmamaq" şərtilə köçmələri istənilib". Bununla yanaşı, erməni tərəfi bildirir ki, Laçın dəhlizinə alternativ yolun tikintisi yazda bitəcək. Tikinti başlayıb, texnika işləyir, yol çəkilir. Əsas məsələ odur ki, alternativ yol Azərbaycanın hansısa yaşayış məntəqəsindən keçməyəcək. Bu baxımdan, Laçından yan keçən yeni alternativ yolun əhəmiyyəti çox böyükdür. Erməni tərəfi artıq indidən yolun keyfiyyəti barədə bəzi müsbət fikirlər səsləndirir. Görünür, artıq onlar da məsələnin mahiyyətini, yolun əhəmiyyətini anlayır, mövcud reallığı qəbul edirlər.

Mustafa KAMAL,

"Respublika".