Küveytin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
SİYASƏT

Küveytin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Dekabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini və iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu söyləyib. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

AZƏRTAC