Kürdəmirdə payızlıq  əkinlər  suvarılır
Region

Kürdəmirdə payızlıq  əkinlər  suvarılır

Azərbaycanda  əkinlərin   kütləvi  suvarma  mövsümü  əsasən   başa   çatıb. Lakin  payızlıq  əkinlər  də  var  ki,(taxıl, yonca, kartof  və s.) əkiləndən   sonra  suvarılması  vacibdir. Meliorasiya və Su Təsərrüfatı  ASC bildirir ki, Kürdəmir  Suvarma  Sistemləri  İdarəsi  bu rayonda 69500  hektardan artıq  torpaq sahəsinə xidmət edir. Xidməti  ərazidə  rayonun  58  kənd  və  3  qəsəbəsi mövcuddur.  Bundan  38  min   hektar  öz  axımı  ilə, 31500 hektar isə  mexaniki  üsulla suvarılır.

 Kürdəmirdə suvarma  mənbələri  Yuxarı  Şirvan  Kanalı  və  Kür çayıdır. İdarə tərəfindən suvarma  mövsüm  ərzində  zərurət  yarandığı  hallarda  Girdimançayda  olan  Karrar  Nasos  Stansıyasının  gücündən də istifadə  olunur.  Digər hallarda  həmin  sahələrin  də  öz  axımı  ilə  suvarılması  mümkündür.

Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton  örtüklü 537  kilometrdən  artıq suvarma kanalı vasitəsilə payızlıq olaraq əkilən bitkilər suvarılır.

İdarə tərəfindən 2022-ci  ildə  suvarma  mövsümünün  mütəşəkkil  keçirilməsi  üçün  suvarma  kanallarının  mexanizmlərlə  lildən  təmizlənməsi  qrafiki  tərtib  olunub, kanallar  üzərində  yerləşən  hidrotexniki  qurğuların  cari  təmiri  üzrə  təqvim  planı  hazırlanıb  və  hazırda icra  olunur. Bu ilin  əvvəlindən  indiyə  kimi  500   kilometr uzunluğunda suvarma  kanalları  lildən  təmizlənərək  su  istifadəçilərinin  isdifadəsinə  verilib.

Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 4 min hektara  yaxın   taxıl, 2  min hektardan   artıq pambıq, 8902 hektar yem bitkiləri, 4677 hektar bostan-tərəvəz, 2620 hektar bağ  və  üzümlük, 6922 hektar isə həyətyanı sahələr suvarılıb.

Nəriman  CAVADOV,

“Respublika”.