Kürdəmir: Pambıq yığımı və taxıl səpini davam edir
Region

Kürdəmir: Pambıq yığımı və taxıl səpini davam edir

- Rayonumuzda bu il bol pambıq yetişdirilib.  Hektardan 24-25 sentner məhsul götürürük. Bu göstərici Kürdəmir torpaqları üçün məqbul hesab olunur,  çünki burada torpaqlarda şoranlılıq dərəcəsi,  duz çoxdur və bu,  yüksək məhsuldarlığa mane olur.  Kürdəmir Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov daha sonra əlavə etdi:

- Hava şəraiti, aramsız yağışlar yığımı sona çatdırmağa imkan vermir. Buna baxmayaraq təsərrüfatın digər sahələrində fermerlər işgüzarlıq nümunəsi göstərirlər.

Rayonun “ağ qızıl”istehsalçıları cari ildə emal müəssisələrinə indiyədək 5 min tona yaxın məhsul təhvil vermişlər. Əvvəllər olduğu kimi,  məhsul yığımında “Kürdəmir-Pambıq”ASC fərqlənir. ASC-nin sədri Mahir Qəribov deyir:

-  Bu il 556 hektarda məhsul yetişdirmişik. Məhsuldarlıq qaneedicidir, hektardan 26-27 sentner “ağ qızıl”götürürük. Bu, rayon göstəricisindən bir qədər artıqdır.  Pambıqyığan maşınlardan səmərəli istifadə edirik. Yeri gəlmişkən deyim ki, əkin sahələrimizin bir hissəsi İmişli rayonu ərazisindədir. Yığım zamanı texnika üçün İmişli rayonunun əlaqədar qurumlarına müraciət etdik. Yaxın günlərdə hava şəraiti imkan versə, məhsul yığımını başa çatdıracağıq.

Rayon fermerləri tarlalarda taxıl səpini aparırlar. Bu il əvvəlki ildəkindən daha artıq - 45 min hektarda səpin aparmaq nəzərdə tutulub. 30 min hektarda səpin artıq başa çatdırılıb. Payız yağışlarından sonra əkin aparılmış sahələrdən normal çıxış alınıb.

Tofiq HÜSEYN,

“Respublika”.