Kürdəmir narı bundan sonra Muğanlıda emal olunacaq
Region

Kürdəmir narı bundan sonra Muğanlıda emal olunacaq

Azərbaycan öz rəngarəng təbiəti ilə son dərəcə zəngin ölkədir. Odlar diyarının hətta hər bir bölgəsi öz suyu, havası, torpağı ilə digərindən fərqlənir. Bu baxımdan Mərkəzi Aranda bol günəşi, isti havası ilə fərqlənən Kürdəmir rayonuna təbiət xüsusi gözəllik bəxş etmişdir. Burada torpaq min adda nemət bitirir. Biz müxtəlif vaxtlarda dadı-tamı ilə brendə çevrilən Kürdəmir yemişi, balı, üzümü barədə söz açmış, bu nemətlərin fərqli xüsusiyyətlərindən danışmışıq. Kürdəmir narı bu əvəzsiz nemətlər sırasındadır. Fermer Vilayət Kərimov deyir:

- Nar bizim torpaqların ən gözəl məhsulu, deyərdim ki, varı-dövləti, sərvətidir. Rayonun Karrar, Sığırlı, Pirili, digər kəndlərində istehsal olunan məhsul təkcə respublikamızda deyil, hətta bir çox dünya bazarlarında məşhurdur. Bol məhsul təsərrüfat sahiblərinə hər il yaxşı qazanc gətirir. Bununla yanaşı deməliyəm ki, narın etibarlı müştərisi əsasən emal zavodları, yaxud şirə zavodları olur. Kürdəmirlilər öz məhsullarını Göyçay, Sabirabad, digər rayonların emal müəssisələrinə aparmalı olur, bu isə maya dəyərinə ziyan gətirir. Arzu edərdik ki, öz məhsulumuz rayonumuzda emal olunsun.

İstər Vilayət Kərimovun, istər narçılıqla məşğul olan digər fermerlərin arzusu çin oldu. Bu yaxınlarda rayonun ən böyük narçılıq təsərrüfatları yerləşən Muğanlı kəndində nar emalı müəssisəsi açıldı. Muğanlı kəndi haqqında bir qədər ətraflı danışmaq lazım gəlir.

Kürdəmir rayonunun Muğanlı kəndinə şöhrət qazandıran gülöyşə narı bu yerin sakinləri üçün əvəzsiz nemətdir. Rayon mərkəzindən 12 kilometr aralı olan Muğanlı kəndinə 8 kilometr Bakı-Tbilisi magistralı, 4 kilometr kənd yolu ilə getmək mümkündür. Kəndin min nəfərə yaxın əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Həyətyanı sahələrdə becərilən, susuzluğa və isti havaya dözümlü olan nar bağları kiçik aqrotexniki xidmət sayəsində bol məhsul verir və bu məhsul muğanlılara normal qazanc gətirir. Əldə olunan məhsulun əsas alıcıları kənddən 4 kilometr aralı Bakı-Tbilisi magistralından keçən Gürcüstan və Azərbaycan vətəndaşları olur. Muğanlı kəndində nardan hazırlanan "Narşərabı" da öz keyfiyyətinə görə brend məhsuldur. Nar uzun illər müxtəlif yerlərdəki şirə zavodlarına təhvil verilib.

Muğanlı kəndində Avropa İttifaqının maliyyə dəstəyi ilə qurulmuş nar emalı müəssisəsinin açılış mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Avropa İttifaqının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Azərbaycan Nar İstehsalçıları və İxracatçları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov və digər qonaqlar iştirak etdilər. Müəssisənin fəaliyyəti ilə tanış olan qonaqlara məlumat verildi ki, yeni tikilən zavod yerli nar istehsalçılarına məhsullarının emalı və satışına dəstək olmaq məqsədi daşıyır.

Bu günlərdə Muğanlıda nar yığımı başa çatmaq üzrədir. Kürdəmir Rayon Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, bağlardan yüksək məhsuldarlıq əldə olunub. Narı kənd əhalisinin istəyinə uyğun olaraq ünvanlara çatdırmaq üçün bağbanlar texniki vasitələrlə təmin ediliblər.

 Tofiq HÜSEYN,

"Respublika".