Koronavirus xəstələrindən rüşvət alan həkimlə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Digər xəbərlər

Koronavirus xəstələrindən rüşvət alan həkimlə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun qanunsuz əməlləri barədə Sabirabad Rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ibtidai istintaqla Fazil Əliyevin koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş şəxslərin həmin xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC