Korlanmış təbii otlaqlara daim qulluq edilməlidir
Region

Korlanmış təbii otlaqlara daim qulluq edilməlidir

Respublikamızda ətin qiyməti bahalaşmaqda davam edir. Ətin bahalaşması səbəbləri barədə fikirlər heç də birmənalı deyil. Mütəxəssislər ətin bahalaşmasını ən çox yemin çatışmazlığı və bu sahəyə tələbatın artması ilə əlaqələndirirlər. Digər tərəfdən, bahalaşmaya baytarlıq xidmətlərinin, dərmanların, iynələrin də təsiri var. Amma əsas məsələ mal-qaraya verilən yemin bahalaşmasıdır.

Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir. Xüsusən heyvanların kökəlməsində istifadə edilən gündəlik yemin, arpanın, buğdanın qiyməti 2 dəfə artıb. Buğda və arpanın bir qismi yerli istehsal hesabına, digər hissəsi isə idxal hesabına ödənilir. Mütəxəssislər həyəcan təbili çalırlar: Azərbaycanda yemçilik çox zəifdir, qüvvəli yemdən kifayət qədər istifadə olunmur. Qüvvəli yemə olan illik tələbat 2,5 milyon ton təşkil etdiyi halda, bu məhsulun istehsalı cəmi 100 min ton civarındadır. Beləliklə, biz, ölkəmizdə mövcud olan təbii imkanlardan, otlaqlardan istifadəyə xüsusi diqqət yetirməliyik. Mütəxəssislər bildirirlər ki, yay və qış otlaqlarının heyvandarlığın inkişafında böyük yem əhəmiyyəti olmasına baxmayaraq, həmin otlaqlar uzun müddətdən bəri demək olar ki, sistemsiz otarılır və yaxşılaşdırma işlərinə zəif fikir verilir. Hazırda otlaqlarda həddindən artıq mal-qara və qoyun sürüləri saxlanılır. Bu isə otlaqların tapdanmasına, yamaclarda eroziya prosesləri getməsinə səbəb olur. Buna görə də otlaqların bitki tərkibi getdikcə dəyişir. Qiymətli yem bitkiləri əvəzinə, yemlik əhəmiyyəti az olan bitkilər inkişaf edir.

Təbii yem sahələrinin məhsuldarlığını ərazinin potensial imkanlarına uyğunlaşdırmaq, heyvandarlığın yemə olan tələbatını ödəmək üçün bir sıra mədəni-texniki, aqrotexniki və meliorativ tədbirlər həyata keçirmək lazımdır. Otlaq və biçənəklərin heyvandarlığın inkişaf etdirilməsində müstəsna rolunu nəzərə alaraq, qorunub saxlanmasını, məhsuldarlığının artırılmasını təmin etmək üçün onlara daim qulluq edilməli, az məhsuldar sahələr əsaslı yaxşılaşdırılmalı və davamlı idarə olunmalıdır.

Otlaqların yem keyfiyyətini yaxşılaşdırmaq və məhsuldarlığını artırmaq üçün bütün otlaq sahələrində səthi yaxşılaşdırma keçirilməlidir. Belə bir tədbir sayəsində bir tərəfdən otlaqda qiymətli yem otları qorunub saxlanılar, digər tərəfdən isə otlağın botaniki tərkibi qiymətli yem bitkiləri ilə zənginləşdirilər.

Səthi yaxşılaşdırma tədbirləri sisteminə gübrələmə, torpaq səthinin malalanması, zəhərli, zərərli bitkilərlə mübarizə, otlağın daşlardan təmizlənməsi, sahənin hamarlanması və ot örtüyü səthinə qiymətli ot toxumlarının səpilməsi kimi tədbirlər aiddir. Gübrələrin tətbiqi nəticəsində otlaqların hər hektarının məhsuldarlığını 40-50 faiz artırmaq olar.

Respublikamızın otlaqlarında rütubətli və bataqlıq sahələrə də rast gəlmək olur. Belə sahələr həm yay, həm də Kür-Araz ovalığında yerləşən qış otlaqlarında təsadüf edilir. Bu sahələrdə meliorativ tədbirlər həyata keçirməklə qurudub yararlı hala salmaq lazımdır. Bu cür qurudulmuş sahələr hesabına az miqdarda olsa da, yem sahəsini genişləndirmək olar.

Torpaqların səmərəli istifadə edilməsində, məhsuldarlığının artırılmasında, heyvandarlığın yemə olan tələbatının ödənilməsində əsaslı yaxşılaşdırma otlaqlarda ən mühüm tədbirlərdən biridir. Əsaslı yaxşılaşdırma az məhsuldar deqradasiyaya uğramış otlaq sahələrində aparılır. Əsaslı yaxşılaşdırma zamanı təbii çim qatı tamamilə şumlanır və qiymətli yem bitkilərinin toxumları səpilir. Qış otlaqlarında səpini payızda dəmyə və suvarma şəraitində keçirmək lazımdır.

Mütəxəssislər əlavə edirlər; əsaslı yaxşılaşdırmada bir yox, bir neçə çoxillik çəmən və yarım kol ot bitkilərinin toxumlarının qarışığını səpmək daha yaxşı nəticə verir. Bir və ya bir neçə ot qarışığından istifadə etdikdə yüksəkkeyfiyyətli yem məhsulu almaqla yanaşı, həm də otlağın istifadəsi uzunmüddətli olur. Ot qarışıqlarının səpini ot örtüyünün eyni səviyyədə inkişaf etməsinə, torpağın aqrokimyəvi xassələrinin yaxşılaşmasına müsbət təsir göstərir. Otlaq altı torpaqlarda eroziya prosesinin qarşısının alınmasında da qarışıq səpinlər müsbət rol oynayır.

Beləliklə, korlanıb sıradan çıxmaq üzrə olan təbii otlaqlar, illər öncə olduğu kimi, bu gün də heyvandarlığın inkişafında səmərəli vasitələrdən biridir.

Hazırladı:

Tofiq HÜSEYN,

"Respublika".