Korifey sənətkarın poeziya ümmanı
Mədəniyyət

Korifey sənətkarın poeziya ümmanı

Aşıq Ələsgərin 200 illik yubileyi qarşısındaAşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan taleyini, sevinc və kədər hisslərini məharətlə ifadə etməsindədir. XX əsrin müdrik ozanı Dədə Ələsgər minillik ənənələr axarında öz sözünü deyə bilən, milli aşıq poeziyası tarixində şərəfli yer tutan sənətkarlardandır. O, qeyri-adi fitri qabiliyyəti sayəsində yaratdığı müxtəlif səpgili, müxtəlif məzmunlu sənət incilərində özünəməxsus bədii boyalarla ifadə etdiyi ümumbəşəri fikirləri ilə müqəddəs sənətin zirvəsinə yüksəlmişdir. Qüdrətli el aşığının yaratdığı əsərlər bu gün də saz, söz ustalarının repertuarında geniş yer tutur.  Yaradıcılığı indi qardaş Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda, eləcə də Orta Asiya respublikalarında da məşhurdur.

Saz, söz, aşıq poeziyasının, ədəbiyyatımızın ən uca zirvəsində dayanan Aşıq Ələsgər 1821-ci ilin baharında Göyçə mahalının-Basarkeçər rayonunun Ağkilsə kəndində dünyaya göz açmış kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir.

Dədə Ələsgər hər bir azərbaycanlının fəxr etdiyi, xalqımızın mədəniyyətinin bir hissəsinə çevrilmiş saz ustadıdır. Ruhunda, cismində Dədə Qorqudu, Qurbanini,  Yunis Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyin, doğmalığın, müdrikliyin, səmimiyyətin zirvəsidir.

Onunla eyni vaxtda Aşıq Alıya şəyirdlik etmiş Alqalı Aşıq Məhərrəm öz  istəkli dostunun aşıq sənəti tarixindəki mövqeyindən söz açarkən demişdir:

Düşdü eşqin ataşına, yandı Səməndər kimi,

Söz sinədə cuşə gəldi, cəm oldu dəftər kimi,

Heç mahalda ustad yoxdur Aşıq Ələsgər kimi,

Yüz yerdən qətrə oynadı, belə umman gəlmədi.

Şifahi xalq ədəbiyyatına, eləcə də klassik yazılı ədəbiyyata dərindən bələd olan, şerin, sənətin qədir-qiymətini bilən, dövrünün ziyalılarından sayılan Zodlu Mirzə Bəylər Aşıq Ələsgərin Azərbaycan türkləri arasında heç kəslə müqayisəyə gəlməyən bir şair kimi qiymətləndirmiş və onu Şərqin ən böyük şairlərindən biri olan Hafiz Şiraziyə bərabər tutmuşdur.

Dədə Ələsgər xalqımızın yaddaşında gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadı kimi əbədi həkk olunmuşdur. Sinəsini özünə dəftər edən Ələsgər aşıq şerinin, demək olar ki, bütün formasına müraciət etmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, deyişmələr iştirakçısı olmuşdur.

Fitri qabiliyyəti, zəngin biliyi ilə hamını heyrətə qoyan Göyçəli Aşıq Ələsgər, həm də mahir ifaçı idi. O, sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirərmiş. Aşığın sənətinə və sənətkarlığına yüksək qiymət verən saz-söz sərrafları, şirin söhbətlərindən doymayan hər kəs onunla ünsiyyətdə olmağa çalışar, onu qonaq etməyi özünə şərəf sayardı.

Xalqımıza sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli şair-aşıq kimi yox, həm də xalqımızın qəlbində bir ocaq, pir, övliya olaraq heykəlləşmişdir. Aşıq Ələsgərin şerlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi də nəzərə çarpır. Məclislərdə heç zaman özünü təbliğ etməz, Qurbanidən, Abbasdan, xəstə Qasımdan, Valehdən və başqa ustadların şerlərindən oxuyar, öz şerlərini isə məclisdəkilərin tələbindən sonra ifa edərmiş. “Təmiz ad ilə” ellər dolaşan aşıq hamı tərəfindən sevilər, hər yerdə hörmətlə qarşılanardı.

Aşıq Ələsgərin adı çəkiləndə qədim və əzəli Azərbaycan torpağı olan Göyçə mahalı, Göyçə mahalının adı çəkiləndə isə Aşıq Ələsgər yada düşür. O, “Adım Ələsgərdi, Göyçə-Mahalım”, “Adım Ələsgərdi əslim Göyçəli”, “Göyçənin qonağı, çoxdu hörməti” - deyərək, belə bir diyarın övladı olması ilə fəxr edirdi.

Aşıq Ələsgər Qafqaz elini qarış-qarış gəzmiş, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Şərurda, Dərələyəzdə, Borçalıda, Qazaxda, Şəmkirdə, Şınıxda və başqa yerlərdə saysız-hesabsız məclislər keçirmişdir. 1849-cu ildə Tiflisin 40 kilometrliyindəki Dəmirçi Həsənli kəndində Aşıq Ələsgəri ilk dəfə dinləyən Polonski başqa bir kənddəki görüşündə onun “Əsli və Kərəm” dastanını danışmasını gördükdən sonra yazır: “Ələsgər yanıqlı-yanıqlı oxuyurdu, camaat onu böyük təntənə və  məftunluqla dinləyirdi. Mən dili bilməsəm də, havaların ahəngindən yaxşı başa düşürdüm. Nəğmələri mənə tərcümə edirdilər”. Aşıq Ələsgərin şerlərində qadın gözəlliklərindən daha çox söhbət açılır. Bənzətmələrdən ən geniş istifadə edən sənətkar əksər hallarda klassik şer ənənələrinə sadiq qalaraq, qaşı-kamana, büllura, yanağı almaya, laləyə, dişləri dürrə, dodağı qönçəyə, saçı şahmara, qaməti sərvə bənzədir.

Dədə Ələsgər ömrünün son çağlarında söylədiyi bir şeir diqqəti xüsusi cəlb edir:

Səksəni-doxsanı keçibdi yaşım,

Əzrail həmdəmim, məzar yoldaşım,

Gor deyə tərpənir bəlalı başım,

Daha köç təbili çal, qoca vaxtım.

1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdikləri qırğın nəticəsində Göyçə mahalının varı-yoxu talanmış, Göyçə gölü, qan gölünə çevrilmiş, əhali öz dədə-baba yurdlarını tərk edib başqa yerlərə köçməyə məcbur olmuşlar. İki ilə qədər Kəlbəcərin Yanşaq kəndində yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə ay orada qalmışdır. Lakin onun ürəyi Göyçə eşqi ilə döyünürdü. Ustad aşıq tezliklə hər qarışında ayaq izləri qalmış Göyçənin Ağkilsə kəndinə dönmüşdü.

1972-ci ildə Dədə Ələsgərin anadan olmasının 150 illiyi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 175 illiyi,  qeyd olunmuşdur. Azərbaycan Elmlər Akademiyası tərəfindən dahi şairin əsərlərinin iki cildlik elmi nəşri hazırlanmış və çap olunmuşdur.

Vaxtı ilə Göyçənin Ağkilsə kəndində Dədə Ələsgərin büstü qoyulmuş, dövlət səviyyəsində keçirilən bu tədbirdə Azərbaycan nümayəndələri, görkəmli incəsənət ustaları, el aşıqları iştirak etmişdir.

2011-ci ildə Göyçə mahalının yetirməsi, xeyriyyəçi və tədqiqatçı Akif Nəbiyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 190 illik yubileyi  keçirilmişdir. Mərasimdə Ukrayna, Rusiya Federasiyası və İrandan çoxsaylı qonaqlar iştirak etmişlər.

2021-ci il fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

Sərəncamda qeyd olunur  ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuna həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hissini aşılayan, ona dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə  cəmləşdirən  dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox saylı yetirmələrindən ibarət bir məktəb formaladırmış və gələcəyin el şairlərinə qüvvətli təsir göstərmişdir.

Aşıq poeziyasının ümumən folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımız Göyçəli  Aşıq Ələsgərin adı şəxsiyyəti, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Bu doğmalığın səbəbi ondan ibarətdir ki, Dədə Ələsgər XIX əsrin müdrik ozanı, korifey sənətkarı kimi tarixə düşmüş, böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, böyük ustalıqla öz əsərlərində əks etdirmişdir. O, aşıq poeziyasının bütün janrlarında   əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini  layiqincə davam etdirən sənətkarlardan  idi. Dədə Ələsgər xalq arasında sazın, sözün, simvolu kimi qəbul edilir...

Qədir ASLAN,

Əməkdar jurnalist.