Korifey sənətkarın poeziya ümmanı
Mədəniyyət

Korifey sənətkarın poeziya ümmanı

Kökü yüzilliklərin dərinliklərindən gələn zəngin musiqi və söz repertuarına, malik olan ozan-aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, milli istiqlal, milli dövlətçilik düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurdsevərlik duyğularının aşılanmasında tarixən misilsiz rol oynamışdır. "Aşıq el anasıdır, haqqın səsidir" - qənaətində olan xalqımız yüzillər boyunca öz ustad sənətkarlarına şadlıq gətirən ülvi bir simvol kimi yanaşmışdır.

Aşıq poeziyasının, ümumən folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımız göyçəli Aşıq Alının adı, şəxsiyyəti, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Aşıq Alı müdrik ozan, korifey sənətkar kimi tarixə düşmüş, böyük istedad sahibi kimi xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla öz əsərlərində əks etdirmişdir.

Saz-söz sərrafı, aşıq poeziyasının, ədəbiyyatımızın uca zirvəsində dayanan Aşıq Alı 1801-ci ildə Göyçənin Qızılvəng kəndində, yoxsul bir ailədə anadan olmuşdur. O, xalqımızın yaddaşına gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadı kimi əbədi həkk olunmuşdur.

 Aşıq Alı aşıq sənətinin demək olar ki, bütün növlərinə müraciət etmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, deyişmələr iştirakçısı olmuşdur. Ustad aşıq "Təcnis Alı", "Loğman Alı", "Dədə Alı", "Şıx Alı" deyə çağırılıb. Haqqında "Aşıq Alı və Əsmər xanım" dastanı bağlanıb.

28 fevral 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunan "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı yubiley konserti keçirilmişdir.

Bu il Aşıq Alının anadan olmasının 220 illiyi tamam olur. Bu günlərdə "Aşıq Ələsgər İctimai Birliyi"nin təşəbbüsü ilə paytaxtın "Şahənşah" şadlıq sarayında Aşıq Alının 220 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Yubiley mərasimində ictimaiyyət nümayəndələri, el aşıqları, şairlər, mahnı və rəqs qrupları iştirak edirdilər. Yubiley tədbirini giriş sözü ilə açan şair Güllü Eldar Tomarlının çıxışından sonra söz "Dədə Ələsgər İctimai Birliyi"nin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərliyə verildi.

O, vurğuladı ki, Aşıq Alı 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içərisində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələrindən biri olan Dədə Ələsgərdir.

Aşıq Alı dövrünün kamil və hərtərəfli biliyə malik aşığı hesab olunan Aşıq Allahverdiyə də 10 il müəllimlik etmişdir.

Aşıq Alı ustad sənətkar kimi iyirmiyə yaxın şagird yetişdirmiş, aşıq şeirinin müxtəlif janrlarında gücünü sınamış, saz-söz sənətinə yenilıklər gətirmişdir.

Aşıq Alı XIX əsr Göyçə aşıq mühitinin ən ulu sənətkarlarından biri idi. Oğlunun dərrakəli və istedadlı olduğunu erkən yaşlarından hiss edən Aşıq Alının atası Mirzə kişi onu oxutmaq qərarına gəlir. Alı mollaxanada təhsil alsa da, aşıq sənəti onu daha çox çəkir.

Alının gözəl və məlahətli səsindən xəbər tutan atası oğlunu Göyçənin Kərkibat kəndində yaşayan Ağ Aşığa şəyirdliyə verir. İlk günlərdən şəyirdinin fitri istedada malik olduğunu duyan Ağ Aşıq az müddətdə bütün saz havalarını Alıya öyrədir. Məlahətli səsi, olduqca şirin ləfzi, dastan söyləmək qabiliyyəti onu dinləyicilərə sevdirmiş, ad-san qazandırmışdır.

Aşıq Alı gözəl şair olmaqla yanaşı, həm də saz havalarının misilsiz yaradıcısı idi. "Göyçə şərili", "Göyçəgülü", "Ağır şərili", "Qaytağı", "Qəhrəmanı", "Gilənar" və digər saz havalarının Aşıq Alı tərəfindən yaradıldığı heç kəsə sirr deyil. Onun əzəmətli və möhtəşəm poetik dühası insan gözəlliyini, harmoniya və ahəngdarlığını mükəmməl sənət nümunəsi kimi təqdim etməyə imkan yaradır.

Süsənli, sünbüllü, tər bənövşəli,

Yaylaq, bizim yaylaqlara bənzərsən.

İçən ölməz sənin kövsər suyundan,

Bulaq, bizim bulaqlara bənzərsən.

Aşıq Alı böyük təcnis ustası olduğundan el arasında onu "Təcnis Alı", "Loğman Alı", "Dədə Alı" - deyə çağırırlarmış.

Ustadlar ustadı, Azərbaycan aşıq sənətinə Dədə Ələsgər kimi saz-söz nəhəngi bəxş edən Aşıq Alı enişli-yoxuşlu, acılı-şirinli uzun bir ömür yolu keçib. İxtiyar çağlarında gözlərinin nuru itib. Təxminən 15-16 il işıqlı dünya saz-söz sərrafı üçün zülmətə çevrilir.

1911-ci ildə dünyasını dəyişmiş, Qızılvəngdə dəfn olunmuşdur.

Aşıq Alının yubiley tədbirində Goranboy rayonunda yaşayan, aşığın kötükcəsi Tale Əlioğlu, şair Pərvanə Zəngəzurlu, "Dədə Ələsgər İctimai Birliyi"nin üzvü Maksim Cabbarov, Tərxanım Nəsibova və başqaları çıxış etdilər.

Yubiley mərasimində el aşıqları, müğənnilər maraqlı proqramlarla çıxış ediblər.

Qədir ASLAN,

"Respublika".