“Könüllü qonaq” ahıl və tənhaları ziyarət edir
Sosial həyat

“Könüllü qonaq” ahıl və tənhaları ziyarət edir

Gənclik illəri-axtarış, təşəbbüs, yaradıcılıq notları ilə  ömrə gözəllik gətirir. İnsan bu yaşda hansı xeyirxah, yaddaqalan əməl sahibi olursa, ömrün sonrakı illərində saysız-hesabsız xatirələrlə qolboyun olur. Sosial şəbəkələrdə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin “Könüllü qonaq” adlı son dərəcə maraqlı bir layihəyə start verdiyini eşitdik. Gənclər ömrün ahıllıq çağlarını yaşayan, qayğıya, köməyə ehtiyacı olan tənha insanların  evinə qonaq gedir, mənzildə yır-yığış edir, təmizlik aparır, həyət- bacada səliqə-sahman işi görürlər. Başqa cür də ola bilir. Ömrün ötən çağlarını şərəfli əməyə həsr edib ad-san qazanan insanlar var ki, qoca yaşda kimlərləsə görüşüb söhbət etməyə, xatirələr danışıb keçmişləri yad etməyə ehtiyac duyurlar. “Könüllü qonağın” -Azərbaycanda məşhur qazma ustası kimi şöhrət qazanıb dövrün ən hörmətli titullarına-Əmək Qəhrəmanı adına layiq görülmüş Azərbaycanın və SSRİ Ali Sovetinin deputatı olmuş Akif Əmənovla görüşü hamıya xoş təsir bağışladı. Hörmətli Akif Əmənovun heç bir maddi köməkliyə ehtiyacı olmasa da, bu görüş onun üçün mənəvi cəhətdən əhəmiyyətli oldu.

Razılıq hissilə deməliyik ki, “Könüllü qonaq” belə görüşlərin sayını artırmaqdadır. Növbəti görüşü Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsi Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Gənclər və İdman İdarəsi ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara həsr edib. Şəhərin Füzuli küçəsində tənha yaşayan Zeynəb Əliyeva, S.Zeynalov küçəsində yaşayan  Fizzə Xəlilova evə gəlib onlara baş çəkən qonaqları xoş üzlə qarşılayıblar. Gənclər ilk növbədə hər iki qadının ehtiyacını öyrənib və bu ehtiyacı ödəməyə çalışıblar. Sonra mənzildə və həyət-bacada təmizlik, səliqə-sahman yaradıb, kiçik təmir işlərinə əl yetiriblər. Gənclərin qonaq gəldiyi gün Fizzə Xəlil qızının 91 yaşı tamam olub. Yubilyarın ad günü təbrik edilib, əlamətdar gün münasibətilə tort kəsilib.

Hər iki tənha qadın gənclərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində  xeyir-dua diləyiblər.

Tofiq HÜSEYN,

“Respublika”.